Şuşa əsrlər boyu Azərbaycan xalqının mədəniyyət beşiyi, qəhrəmanlıq rəmzi və milli qürur məkanı olub. Qala kimi tikilmiş bu şəhər sadəcə daş divarlarla deyil, xalqın ruhu və iradəsi ilə bərkidilmişdi. Lakin XX əsrin sonunda siyasi xəyanət və məsuliyyətsizlik nəticəsində Şuşa işğala məruz qaldı. Bu itki yalnız bir şəhərin deyil, bütöv bir millətin qürurunun sarsılması idi. Şuşanın düşmən əlinə keçməsi Azərbaycan tarixində ən ağrılı səhifələrdən biri kimi yadda qaldı.
İşğaldan sonra illərlə bu şəhərin küçələri səssiz fəryadlara büründü. Cıdır düzündə yad nəfəsin səsi eşidildi, amma Şuşanın ruhu əsla sönmədi. Hər bir azərbaycanlının ürəyində “Şuşa adlı yara” yaşadı və bu yara intiqam deyil, ədalət arzusu ilə döyündü. Millətin yaddaşında alovlanan bu hiss bir gün azadlıqla parlayacaqdı.
2020-ci ilin payızında başlayan 44 günlük Vətən müharibəsi məhz həmin azadlıq eşqinin təcəssümü oldu. Prezident İlham Əliyevin qətiyyətli liderliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız bir-bir işğaldan azad edildi. Ən şanlı səhifə isə 8 noyabr 2020-ci ildə yazıldı – Şuşa azad olundu. Bu gün artıq həmin tarix Zəfər Günü kimi qeyd olunur.
Şuşanın azadlığı ilə Azərbaycan xalqı təkcə bir şəhəri deyil, həm də öz qürurunu, milli kimliyini və tarixi ləyaqətini bərpa etdi. Bu qələbə həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan dönüş nöqtəsi idi. Şuşa bir daha sübut etdi ki, xalqın ruhu əsir qalmaz.
Bu gün Şuşa yenidən dirçəlir. Küçələrində musiqi səslənir, bərpa və quruculuq işləri aparılır. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi beynəlxalq tədbirlərə ev sahibliyi edir. O, indi yalnız bir şəhər deyil – dirçəlişin, milli birliyin və əbədi Zəfərin simvoludur.
Gülnar Qurbanova
YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın