Zəfər Günündən sonra Azərbaycan təkcə qalib ölkə statusu qazanmadı, həm də gələcəyin qurucusu rolunu öz üzərinə götürdü. Müharibədən sonra başlanan bərpa prosesi bu qələbənin davamı idi. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr milli iradənin, dövlət gücünün və xalqın birliyinin bariz nümunəsidir.
Şuşa bu dirçəlişin rəmzinə çevrildi. Şəhərin hər küçəsində yenidənqurma işləri aparılır, tarixi abidələr bərpa olunur, mədəni həyat canlanır. Burada keçirilən beynəlxalq tədbirlər, musiqi festivalları və mədəni layihələr Azərbaycanın mədəni qüdrətini bir daha nümayiş etdirir.
Zəngilan, Füzuli və Laçında tikilən beynəlxalq hava limanları, “Ağıllı kənd” layihələri və yollar – hamısı gələcəyə hesablanmış milli strateji proqramların nəticəsidir. Qaçqınların doğma torpaqlarına qayıdışı isə bu Zəfərin ən humanist tərəfidir. “Böyük Qayıdış” artıq reallığa çevrilib.
Prezident İlham Əliyevin dediyi kimi, “Zəfər yalnız keçmişin intiqamı deyil, gələcəyin quruculuğudur.” Bu fikrin mahiyyəti bu gün hər tikilidə, hər qurulan evdə və hər əkilən ağacda hiss olunur. Azərbaycanın bu quruculuq mərhələsi dünya üçün örnək bir modeldir.
Zəfərin beşinci ildönümünü qeyd edən Azərbaycan xalqı artıq sabaha daha inamla baxır. Qalib dövlətin vətəndaşı olmaq, azad torpaqlarda yaşamaq hər kəs üçün qürur mənbəyidir. Bu, müasir Azərbaycanın ən böyük nailiyyətidir.
Xəyalə Novruzova
YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini


Bir şərh yazın