44 günlük Vətən müharibəsi Azərbaycanın yaxın tarixində ən möhtəşəm səhifədir. Bu müharibə təkcə ərazi uğrunda deyil, ədalət, ləyaqət və tarixi haqq uğrunda aparıldı. Otuz il ərzində beynəlxalq ədalətsizliklə üz-üzə qalan xalq nəhayət, öz haqq səsini döyüş meydanında ucaltdı. BMT-nin illərlə yerinə yetirilməyən qətnamələrini Azərbaycan ordusu reallığa çevirdi.
Müharibənin simasında həm dövlətin gücü, həm də xalqın birliyi parladı. Prezident İlham Əliyev həm sərkərdə, həm siyasətçi kimi bu tarixi prosesin lideri oldu. Onun “dəmir yumruq” ifadəsi millətin birliyinin, iradəsinin və qələbə əzminin təcəssümünə çevrildi. Azərbaycan cəmiyyəti, istisnasız olaraq, ordusunun arxasında dayandı.
Şuşa uğrunda döyüşlər bu birliyin zirvəsi idi. Qayalara dırmaşaraq düşmənlə əlbəyaxa döyüşən əsgərlər milli qəhrəmanlığın canlı simvoluna çevrildilər. Hər addımda, hər daşa toxunan əllərdə vətən sevgisi, hər baxışda azadlıq iradəsi vardı. Şuşanın alınması ilə düşmənin müqaviməti tam sındı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Bu qələbə yalnız bir dövrü başa vurmadı, həm də yeni tarixi mərhələnin əsasını qoydu. Zəfərdən sonra Azərbaycan regionda yeni siyasi reallıqların formalaşmasına rəhbərlik etdi. Artıq Cənubi Qafqazda söz sahibi olan güclü bir dövlət var idi.
Bu gün Zəfər Günü xalqımız üçün təkcə keçmişin xatirəsi deyil, həm də gələcəyə inamın bayramıdır. Azərbaycan bir daha sübut etdi ki, azadlıq və ədalət uğrunda birləşən xalqı heç bir qüvvə məğlub edə bilməz.
Nazilə İbrahimova
YAP Şuşa rayon təşkilatının 3 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın