Müasir dövrdə dövlətlərin qüdrəti artıq hərbi güclə deyil, texnoloji və elmi potensialla ölçülür. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bu gün müstəqilliyi qoruyan əsas amillərdən biri milli elmi potensialdır. Ümummilli Lider Heydər Əliyev elmin strateji sahə kimi inkişafını hələ ötən əsrin 70-ci illərində prioritet elan etmişdi. O dövrdə yaradılmış elmi-tədqiqat institutları və kadr hazırlığı sistemi bu günün elmi nailiyyətlərinin bünövrəsini təşkil edir.
AMEA-nın 80 illik yubileyi çərçivəsində dövlət başçısı elmin texnologiyalarla birləşməsinin vacibliyini vurğuladı. Bu, sadəcə laborator tədqiqatlarla məhdudlaşmayan, müdafiə, sənaye və rəqəmsal idarəetmə sahələrinə yönəlik yeni mərhələnin başlanğıcıdır. Prezidentin çıxışında qeyd olundu ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Bu yanaşma texnoloji müstəqilliyi gücləndirir və dövlət təhlükəsizliyinin təminində mühüm rol oynayır.
Azərbaycanın son illərdə əldə etdiyi hərbi və iqtisadi uğurlar da elmi tərəqqi ilə birbaşa bağlıdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarının tətbiqi bu uğurun bariz nümunəsidir. Məhz elmi düşüncə və innovasiyaya əsaslanan strategiya nəticəsində Azərbaycan qısa müddətdə öz ərazi bütövlüyünü bərpa etdi. Bu təcrübə sübut edir ki, elmi innovasiya dövlətin suverenliyinin əsas təminatlarından biridir.
Bu gün Azərbaycan elmi qarşısında yeni vəzifələr dayanır: milli müdafiə sənayesində texnoloji həllərin inkişafı, rəqəmsal iqtisadiyyatın genişlənməsi və süni intellekt kimi istiqamətlərin milli səviyyədə tətbiqi. Elm artıq təkcə nəzəri baza deyil, dövlət idarəçiliyinin və iqtisadi gücün ayrılmaz hissəsidir. Bu, Ümummilli Lider Heydər Əliyevin elmin strateji əhəmiyyətinə dair baxışlarının müasir şəraitdə real təcəssümüdür.
Aynurə Məlikova
YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın