Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi dövlətimizin elmi inkişaf strategiyasının parlaq təzahürüdür. Prezident İlham Əliyevin bu tədbirdəki çıxışı bir daha göstərdi ki, Azərbaycan dövləti elmi yalnız tədris və tədqiqat sahəsi kimi deyil, milli təhlükəsizlik, texnoloji müstəqillik və iqtisadi sabitliyin təməl dayağı kimi qiymətləndirir. Prezident İlham Əliyev vurğuladı ki, müasir dövrdə elmin rolu dövlətin idarəetmə keyfiyyətinə, rəqəmsallaşmaya və innovativ düşüncəyə bilavasitə təsir göstərir. Bu baxımdan elmi idarəetmə modeli artıq ölkənin strateji planlaşdırma sisteminin ayrılmaz hissəsinə çevrilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə elmin maddi-texniki bazası gücləndirilib, elmi fondlar yaradılıb, gənc alimlər üçün beynəlxalq təhsil imkanları genişləndirilib. Dövlətin elmə ayırdığı maliyyə vəsaitinin iki dəfədən çox artırılması və elmi müəssisələrin müasir standartlara uyğun yenilənməsi bu siyasətin praktiki nəticəsidir. “Elm haqqında” Qanun və Elmin İnkişafı üzrə Milli Strategiya elmi fəaliyyətin hüquqi və institusional əsaslarını daha da möhkəmləndirib. Bütün bunlar dövlətin elmə uzunmüddətli sərmayə kimi yanaşdığını göstərir.
Prezident İlham Əliyev çıxışında elmin müasir çağırışlara cavab verməsinin vacibliyini vurğulayıb. Rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik kimi sahələrdə elmi potensialın səfərbər olunması Azərbaycanı regionun innovativ mərkəzinə çevirir. Bu siyasət elmi biliklərin praktik nəticələrə çevrilməsi, dövlət idarəçiliyində intellektual qərarların payının artırılması və cəmiyyətin bilik əsaslı inkişafına xidmət edir.
Nazilə İbrahimova
YAP Şuşa rayon təşkilatının 3 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın