Tarix yalnız keçmişin salnaməsi deyil, gələcəyin istiqamətini müəyyən edən elmi dayaqlardan biridir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, milli tariximizin elmi şəkildə tədqiqi və təbliği Azərbaycan elminin əsas prioritetlərindəndir. Ümummilli Lider Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində tarix elmini dövlət siyasətinin ayrılmaz hissəsinə çevirmişdi. Onun təşəbbüsü ilə qədim dövlətçilik ənənələrimiz, xalqımızın mənəvi dəyərləri və mədəni irsi sistemli şəkildə araşdırılmağa başlanmışdı. Bu gün həmin ənənə müstəqil Azərbaycanın elmi konsepsiyasının əsas sütunlarından birini təşkil edir.
AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə dövlət başçısı tarix elminin strateji əhəmiyyətini bir daha önə çəkdi. Prezident İlham Əliyev qeyd etdi ki, müstəqil dövlət kimi artıq öz tariximizi elmi əsaslarla yazmaq, onu dünya ictimaiyyətinə təqdim etmək vaxtıdır. Çünki uzun illər ərzində bəzi beynəlxalq dairələr və erməni təbliğat maşını Azərbaycan tarixinin saxtalaşdırılması istiqamətində məqsədli fəaliyyət aparıb. Bu baxımdan, tarixi həqiqətlərin elmi sübutlarla bərpası milli məsələ kimi qiymətləndirilir.
Azərbaycanın dövlətçilik tarixi, toponim və etnoqrafik irsi, qədim yaşayış məskənləri və mədəni abidələri bu gün elmi əsaslarla yenidən tədqiq olunur. Xüsusən Göyçə, Zəngəzur, Dərələyəz kimi bölgələrin tarixi reallıqlarının elmi qaynaqlarla təsdiqlənməsi yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də vacibdir. Bu, həm də milli kimliyimizin qorunması və gələcək nəsillərə düzgün tarix anlayışının ötürülməsi deməkdir.
Prezident İlham Əliyevin “biz öz torpaqlarımıza tanklarla yox, avtomobillərlə qayıtmalıyıq” fikri milli tariximizin yeni fəlsəfəsini ifadə edir. Bu, sülh və ədalət üzərində qurulan gələcəyin elmi əsaslarla təmin olunması deməkdir. Elm tariximizin faktlarını dünyaya təqdim etməli, Azərbaycan həqiqətlərini beynəlxalq elmi ictimaiyyətə tanıtmalıdır. Bu, həm Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqət, həm də müstəqil dövlətimizin milli ideoloji borcudur.
Zərifə İbrahimova
YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini


Bir şərh yazın