Elm və təhsil bir millətin gələcək gücünün mənbəyidir. Azərbaycanın son onilliklərdə qazandığı uğurlar bu iki istiqamətin strateji səviyyədə idarə olunmasının nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin yaratdığı intellektual inkişaf modeli bu gün Prezident İlham Əliyevin siyasətində yeni məzmun qazanıb. “Neft kapitalını insan kapitalına çevirək” çağırışı sadəcə iqtisadi şüar deyil, həm də milli inkişafın ideoloji istiqamətidir. Bu yanaşma nəticəsində Azərbaycan regional səviyyədə elmi və texnoloji innovasiyaların mərkəzinə çevrilməkdədir.
AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev ölkədə elmi və iqtisadi potensialın vəhdətinin əhəmiyyətini vurğuladı. Dövlət başçısının fikrincə, alimlərin fəaliyyəti real iqtisadi proseslərdə tətbiq edilməli, elmi nəticələr ölkənin sənaye və istehsal sahələrinə yönəldilməlidir. Bu, müasir çağırışlara cavab verən yeni idarəetmə mədəniyyətinin formalaşması deməkdir. Artıq Azərbaycanda elmi nailiyyətlər dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib.
Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bu gün də aktualdır. Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı, elmə və təhsilə ayrılan maliyyə vəsaitlərinin artırılması bu prinsipin davamıdır. Azərbaycanın iqtisadi müstəqilliyi elmi və texnoloji müstəqilliyin təminatına çevrilib. Xarici borcun ÜDM-ə nisbətinin cəmi 6 faiz civarında olması, valyuta ehtiyatlarının 80 milyard dollardan çox olması bu siyasətin nəticəsidir.
Elm və təhsilin iqtisadiyyatla inteqrasiyası yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Bu, həm də dövlət idarəçiliyinin səmərəliliyini artırır, qərarların elmi əsaslara söykənməsini təmin edir. Azərbaycan modeli sübut etdi ki, elmi düşüncəyə əsaslanan siyasət dövlətin müstəqilliyini və davamlı inkişafını təmin edə bilir. Bu gün Azərbaycan dünya səhnəsində elm, təhsil və iqtisadi gücü ilə nümunə göstərilən ölkələrdən biridir.
Leyla Babışova
YAP Şuşa rayon təşkilatının sədr müavin


Bir şərh yazın