Müasir dünyada elm və təhsil hər bir dövlətin inkişafının təməl dayaqlarından hesab olunur. Azərbaycan bu sahələrə strateji əhəmiyyət verərək, dayanıqlı inkişafın əsas istiqamətlərini müəyyən edib. Ümummilli Lider Heydər Əliyevin “təhsil həyatımızın ən gərəkli, mühüm sahəsidir” fikri bu gün də ölkənin inkişaf kursunun ideoloji və praktik əsasını təşkil edir. Prezident İlham Əliyev bu dəyəri müasir dövrün çağırışlarına uyğun olaraq “neft kapitalını insan kapitalına çevirək” tezisi ilə davam etdirib. Bu yanaşma Azərbaycanı regional intellektual mərkəzə çevirən əsas ideoloji xətt kimi çıxış edir.
AMEA-nın 80 illiyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev elmin cəmiyyət həyatındakı roluna xüsusi diqqət yönəltdi. Dövlət başçısı qeyd etdi ki, elm iqtisadiyyatla, sənaye ilə sıx əlaqələndirilməlidir və elmi nəticələr praktik həyata tətbiq edilməlidir. Bu fikir müasir dövrdə bilik əsaslı iqtisadiyyatın inkişafı üçün prioritet istiqamət hesab olunur. Elm artıq sadəcə nəzəri tədqiqat obyekti deyil, həm də iqtisadi və sosial tərəqqinin əsas hərəkətverici qüvvəsidir.
Ümummilli Lider Heydər Əliyevin 1970-ci illərdən etibarən elm və təhsil sahəsində yaratdığı baza bu gün Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Sovet dövründə yüz minlərlə azərbaycanlı gəncin ali təhsil almaq üçün müxtəlif ölkələrə göndərilməsi, elmi-tədqiqat institutlarının yaradılması və alimlərin maddi təminatının gücləndirilməsi Azərbaycanın intellektual potensialının möhkəmlənməsinə şərait yaratdı. Bu gün həmin ənənə müstəqillik şəraitində daha da geniş miqyas alıb.
Hazırda Azərbaycanın gəncləri dünyanın aparıcı universitetlərində təhsil alır, müasir elmi tendensiyaları ölkəyə gətirir və Vətənə dönərək inkişaf prosesinə töhfə verirlər. Elm və təhsilin sintezi milli gücün, müasir dövlətçiliyin və iqtisadi müstəqilliyin əsas təminatına çevrilib. Bu strategiya ölkəmizin gələcək illərdə də rəqabətədavamlı və texnoloji cəhətdən güclü dövlət kimi inkişaf edəcəyini təmin edir.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı


Bir şərh yazın