2020-ci ilin payızında qazanılmış möhtəşəm Qələbə Azərbaycan tarixinin ən parlaq hadisələrindən biridir. Bu hadisə təkcə hərbi deyil, həm də siyasi və mənəvi qələbə idi. Xalqın birliyi, dövlətin iradəsi və Ordunun qəhrəmanlığı bir amal uğrunda birləşdi – Qarabağın azadlığı! 44 gün davam edən mübarizə sübut etdi ki, Azərbaycanın milli gücü məhz xalqın və rəhbərliyin birliyindən doğur.
Prezident İlham Əliyev bu dövrdə həm Ali Baş Komandan, həm də diplomatik lider kimi çıxış etdi. Onun hərbi-siyasi qərarları müharibənin gedişatında həlledici rol oynadı. Qələbə, eyni zamanda, beynəlxalq ictimaiyyət üçün ədalətin bərpasının və hüququn güclü dövlət tərəfindən təmin oluna biləcəyinin nümunəsi oldu. Azərbaycan 30 illik ədalətsizliyə son qoydu.
Zəfərdən sonra Azərbaycan sülh və quruculuq mərhələsinə qədəm qoydu. Azad edilmiş torpaqlarda yeni həyatın bərpası, minalardan təmizləmə işləri və müasir şəhərsalma layihələri həyata keçirilir. “Böyük Qayıdış” proqramı xalqın doğma torpaqlara qovuşmasının simvoluna çevrilib. Bu proses həm dövlətin humanist siyasətini, həm də qalib xalqın sülhə yönəlik iradəsini əks etdirir.
Qələbə həmçinin Azərbaycan diplomatiyasının nüfuzunu artırdı. Ölkəmiz beynəlxalq platformalarda daha inamla çıxış edir, regional əməkdaşlıq təşəbbüslərinə liderlik edir. Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün Azərbaycan fəal addımlar atır, Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində konstruktiv mövqe tutur.
Bu gün 8 Noyabr Zəfər Günü xalqın milli qürur və həmrəylik bayramına çevrilib. Şəhidlərin ruhu qarşısında baş əyərək, onların qəhrəmanlığını nəsildən-nəslə ötürmək hər bir vətəndaşın borcudur. Bu zəfər Azərbaycanın gələcək nəsillərinə güc, inam və vətənpərvərlik örnəyi kimi qalacaq.
Anar Əlizadə
YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın