Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son beş ildə tarixinin ən qürurlu səhifəsini yazdı. 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsində qazanılan Qələbə yalnız hərbi deyil, həm də siyasi, mənəvi və ideoloji zəfər idi. Prezident İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordunun rəşadəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. 8 noyabr – Zəfər Günü bu tarixi hadisənin əbədi simvoluna çevrildi.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil dövlətçilik xətti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirildi. Ulu Öndərin “Azərbaycanın müstəqilliyi əbədi, dönməz və sarsılmazdır” prinsipi bu gün də dövlət siyasətinin təməl daşıdır. Prezident İlham Əliyev bu ideyaları müasir dövrün reallıqlarına uyğunlaşdıraraq, həm milli dəyərləri qoruyur, həm də ölkəni qlobal siyasətdə etibarlı tərəfdaşa çevirir.
Vətən müharibəsi zamanı Prezident İlham Əliyev liderlik bacarığı, strateji uzaqgörənliyi və diplomatik çevikliyi ilə seçildi. O, beynəlxalq mediada Azərbaycanın haqq səsini ucaldaraq, informasiya müharibəsində də qələbə qazandı. Hər çıxışı xalqda ruh yüksəkliyi, orduda əzmkarlıq yaradırdı. Bu liderlik xalqla dövlət arasında sarsılmaz inam körpüsü qurdu.
Zəfərdən sonra Prezident İlham Əliyev diqqəti azad edilmiş torpaqların bərpasına yönəltdi. “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən layihələr – yollar, hava limanları, məktəblər, yaşayış evləri və sosial obyektlər yeni inkişaf dövrünün əsasını qoydu. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bu işlər təkcə fiziki bərpa deyil, həm də milli ruhun dirçəlişidir.
Bu gün Prezident İlham Əliyev Azərbaycanın gələcəyini aydın strateji plan əsasında formalaşdırır. Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya, enerji təhlükəsizliyi, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi bu siyasətin əsas istiqamətləridir. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin müasir təcəssümü kimi Prezident İlham Əliyev ölkəni sabitlik, güc və inkişaf yolunda inamla irəliləyir.
Zərifə İbrahimova
YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini


Bir şərh yazın