8 Noyabr 2020-ci il Azərbaycan xalqının tarixində milli qürurun, ədalətin və müstəqilliyin rəmzinə çevrildi. Bu gün 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Qələbənin, azadlıq uğrunda döyüşən igid oğullarımızın, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan haqq savaşının nəticəsində azad edildi. Bu Qələbə, xalqımızın həm döyüş meydanında, həm də mənəviyyatda qalib olduğunu bütün dünyaya göstərdi.
Vətən müharibəsi 2020-ci ilin 27 sentyabrında Ermənistanın növbəti təxribatına cavab olaraq başlandı. Qısa müddətdə Azərbaycan Ordusu müasir döyüş taktikası və yüksək döyüş ruhu sayəsində düşmənin uzun illər ərzində qurduğu müdafiə xətlərini yararaq irəlilədi. 8 Noyabrda isə Şuşanın azad edilməsi ilə müharibənin taleyi həll olundu. Şuşa əməliyyatı həm hərbi, həm də mənəvi baxımdan müasir tariximizdə dönüş nöqtəsi oldu – bu, xalqımızın yenilməz iradəsinin və torpağa olan sevgisinin təcəssümü idi.
Bu gün Zəfər Günü xalqımız üçün həm qürur, həm də minnətdarlıq günüdür. Azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı, həmin torpaqlarda həyatın yenidən canlanmasını təmin edir. Bu Zəfər, yalnız bir müharibənin nəticəsi deyil, həm də qalib xalqın gələcək nəsillərə miras qoyduğu qürur salnaməsidir.
Səmayə Əliyeva
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın