2020-ci ilin payızında Azərbaycan xalqı tarixinin ən qürurlu səhifələrindən birini yazdı. Otuz ilə yaxın davam edən işğala son qoyulması, ərazi bütövlüyümüzün bərpa olunması təkcə hərbi deyil, həm də mənəvi və siyasi qələbə idi. Vətən müharibəsi xalqın birliyini, dövlətin gücünü və milli iradənin sarsılmazlığını dünyaya nümayiş etdirdi. Bu müharibə sübut etdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və milli mənafeyini qorumaq üçün bütün qüvvəsini səfərbər etməyə qadirdir.

Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində parlaq hərbi əməliyyatlar həyata keçirdi. Hər bir əsgər və zabit öz canı bahasına Vətənin azadlığı uğrunda döyüşdü. Ordumuzun uğurları hər bir vətəndaşda fərəh və qürur hissi yaratdı. Bu zəfər həm də uzun illər kağız üzərində qalmış BMT qətnamələrinin ədalətli icrasını təmin etdi və beynəlxalq hüququn real güc vasitəsilə həyata keçirilə biləcəyini sübut etdi.

Şuşanın azad olunması isə bu zəfərin zirvəsi oldu. Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərinin azadlığı xalqımızın ruhunun dirçəlişi idi. 8 Noyabrda dalğalanan üçrəngli bayrağımız bütün millətin birliyinin və qəhrəmanlığının simvoluna çevrildi. Bu gün həmin bayraq azad torpaqlarda qürurla dalğalanır və şəhidlərimizin ruhuna ehtiramın təcəssümüdür.

Zəfərdən sonra regionda yeni siyasi reallıqlar formalaşdı. Azərbaycan regional güc mərkəzinə çevrildi və beynəlxalq miqyasda daha fəal diplomatik xətt yürütməyə başladı. Cənubi Qafqazda sabitliyin və inkişafın təminatçısı kimi çıxış edən Azərbaycan, indi sülhün və əməkdaşlığın aparıcı qüvvəsidir. Bu reallıq həm region ölkələri, həm də qlobal oyunçular tərəfindən qəbul edilir.

8 Noyabr Zəfəri xalqımızın iradəsinin, dövlətimizin qüdrətinin və milli birliyimizin təntənəsidir. Bu gün biz həmin qələbəni sonsuz qürurla yad edir, şəhidlərimizin müqəddəs xatirəsini hörmətlə anırıq. Azərbaycan artıq qalib ölkə, xalqımız isə qalib millət kimi tarixdə öz yerini möhkəmləndirib.

Rəsmiyyə Məmmədova

YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.