Azərbaycan xalqı üçün 8 Noyabr 2020-ci il unudulmaz tarixdir – bu, illərlə çəkən ədalətsizliyin sonu və milli dirçəlişin başlanğıcı oldu. 44 günlük Vətən müharibəsində xalqımız bir yumruq kimi birləşərək, dövlətinin və ordusunun arxasında dayandı. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və sarsılmaz iradəsi nəticəsində Azərbaycan beynəlxalq hüquqla tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə, həm hərbi, həm siyasi, həm də mənəvi üstünlüyümüzün rəmzi kimi tarixə düşdü.
Şuşanın azad edilməsi bu zəfərin zirvəsi, Azərbaycanın döyüş ruhunun təcəssümü oldu. Qayalıqlar, sıldırımlar və meşəliklər arasından keçərək şəhərə daxil olan Azərbaycan əsgəri düşmənin illərlə qurduğu mifləri dağıtdı. Bu əməliyyat hərb elminin parlaq nümunəsi kimi qiymətləndirilir. Şuşanın azad olunması ilə Ermənistan kapitulyasiyaya məcbur edildi, Ağdam, Kəlbəcər və Laçın rayonları isə döyüşsüz qaytarıldı. Bu, xalqımızın və ordumuzun birliyinin, həm də Ali Baş Komandanın uzaqgörən siyasətinin nəticəsi idi.
Bu gün Zəfər Günü, şəhidlərimizin ruhuna hörmət və qazilərimizin şücaətinə minnətdarlıq günüdür. Azad edilmiş torpaqlarda həyat yenidən qaynayır, yollar çəkilir, məktəblər, evlər, mədəniyyət ocaqları bərpa olunur. Prezident İlham Əliyevin “biz bu torpaqlarda əbədi yaşayacağıq” fikri bu qələbənin davamlılığını və xalqımızın gələcəyə inamını əks etdirir. Azərbaycan artıq qalib xalq kimi tarixə yazılıb və bu, milli kimliyimizin ayrılmaz parçasına çevrilib.
Elmira Əliyeva
YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın