8 Noyabr Azərbaycan xalqının tarixində milli iftixar, qələbə və yenilməzliyin simvoludur. Bu gün illərlə davam edən məcburi köçkünlük həsrətinə son qoyan, işğal altındakı torpaqlarımızı azad edən ordumuzun və xalqımızın birliyini təcəssüm etdirir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində 30 illik ədalətsizliyə son qoydu və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu qələbə xalqımızın sarsılmaz iradəsinin nəticəsi idi.
Şuşanın azad edilməsi bu Qələbənin zirvəsi oldu. Azərbaycanın mədəniyyət beşiyi, ruhunun simvolu olan bu şəhərin işğaldan azad olunması müharibənin taleyini dəyişdi. Şuşa əməliyyatı ordumuzun cəsarətini, peşəkarlığını və xalqın birliyini nümayiş etdirdi. Düşmənin “keçilməz” hesab etdiyi istehkamlar bir-birinin ardınca dağıldı. 8 Noyabrda qazanılan bu uğur yalnız hərbi deyil, həm də mənəvi zəfər idi – çünki bu, xalqın öz torpağına, tarix və kimliyinə qayıdışı demək idi.
Bu gün 8 Noyabr Zəfər Günü kimi təntənə ilə qeyd olunur. Azad edilmiş bölgələrdə bərpa və quruculuq işləri sürətlə davam edir, Böyük Qayıdış reallaşır. Prezident İlham Əliyevin həyata keçirdiyi bu siyasət, Zəfərin əbədiliyini və Azərbaycan xalqının birliyini təmin edir. Hər bir azərbaycanlı bu gün qürurla deyir: biz qalib xalqıq! Bu qələbə tariximizin ən parlaq səhifəsidir və gələcək nəsillərə örnək olacaq milli iftixar mənbəyidir.
Namiq Hüseynov
YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Bir şərh yazın