2020-ci ilin payızında Azərbaycan xalqı tarixinin ən şanlı səhifəsini yazdı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində dövlətimiz öz ərazi bütövlüyünü bərpa etdi, işğal altında olan torpaqlarını azad etdi və beynəlxalq hüququn tələblərini reallığa çevirdi. Bu qələbə sadəcə hərbi uğur deyildi — xalqın birliyinin, milli iradənin və dövlətçilik düşüncəsinin təntənəsi idi. On illərlə davam edən ədalətsizlik və işğal siyasəti qarşısında Azərbaycan xalqı əyilmədi, əksinə, daha da möhkəmləndi.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti və prinsipial mövqeyi bu qələbənin əsas sütunlarından biri oldu. Onun rəhbərliyi ilə ordu və xalq bir yumruq kimi birləşdi, “dəmir yumruq” birliyinin simvoluna çevrildi. Müharibə dövründə Prezidentin həm siyasi, həm diplomatik, həm də informasiya müharibəsində nümayiş etdirdiyi liderlik bacarığı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Dünya ictimaiyyəti ədalətin Azərbaycanın tərəfində olduğunu qəbul etdi.
Zəfərdən sonra ölkəmiz qarşısında yeni bir tarixi mərhələ başladı – sülh və quruculuq dövrü. Azad edilmiş ərazilərdə aparılan bərpa işləri, minalardan təmizləmə əməliyyatları, yeni infrastrukturun yaradılması Azərbaycanın gücünün davamlı olduğunu göstərir. “Böyük Qayıdış” proqramı artıq reallığa çevrilir və bu, təkcə iqtisadi deyil, həm də mənəvi yenidən doğuluşun göstəricisidir. Qalib xalq artıq öz torpaqlarında yeni həyat qurur.
8 Noyabr Zəfəri xalqımızın əzmini, dövlətimizin qüdrətini və şəhidlərimizin müqəddəs xatirəsini birləşdirən rəmzə çevrilib. Bu gün hər bir azərbaycanlı bu qələbə ilə qürur duyur, çünki bu zəfər xalqın iradəsinin və dövlətin gücünün birgə nəticəsidir. Azərbaycanın gələcək inkişafı artıq bu möhkəm zəfər təməli üzərində qurulur.
Xəyalə Novruzova
YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini


Bir şərh yazın