Azərbaycan xalqı üçün 8 Noyabr 2020-ci il sadəcə bir tarix deyil, milli iradənin, birlik və qətiyyətin zirvəsidir. Bu gün 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə ilə Azərbaycan öz torpaq bütövlüyünü bərpa etdi. Düşmənin illərlə qurduğu istehkamlar, ordumuzun yenilməzliyi qarşısında darmadağın oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə xalq “Dəmir Yumruq” kimi birləşdi və ədaləti döyüş meydanında təmin etdi.
Müharibənin başlanğıcında Azərbaycan yalnız ərazi deyil, milli ləyaqət və ədalət uğrunda döyüşürdü. Əsgərlərimizin yüksək döyüş ruhu, xalqın ordusuna inamı və rəhbərliyin strateji qərarları nəticəsində qısa müddətdə böyük uğurlar əldə olundu. Düşmən hər gün yeni itkilər verir, Azərbaycan Ordusu isə addım-addım irəliləyirdi. Hər qələbə xəbəri xalqın qəlbində ümid çırağını daha da alovlandırırdı.
8 Noyabr – Şuşanın azad olunduğu gün, bu müharibənin taleyini dəyişdi. Şuşa uğrunda döyüşlər yalnız hərbi deyil, mənəvi anlamda da dönüş nöqtəsi oldu. Azərbaycanın mədəniyyət tacı azad edilərək milli kimliyimiz yenidən dirçəldi. Bu zəfər, Ali Baş Komandanın dediyi kimi, “müasir Azərbaycan tarixinin ən şanlı səhifəsidir.”
Bu gün Zəfər Günü xalqımız üçün həm qəhrəmanlıq, həm də minnətdarlıq bayramıdır. Azad edilmiş torpaqlarda yenidən həyat qaynayır, şəhərlərimiz bərpa olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan Böyük Qayıdış siyasəti, bu torpaqlarda sabit və dayanıqlı gələcəyin təməlini qoyur. Qalib xalq olaraq hər birimiz bu Zəfərin əzəmətini qəlbimizdə daşıyırıq.
Rəfail Məmmədov
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın