2020-ci ilin payızında əldə edilən tarixi Qələbə Azərbaycan üçün yeni bir dövrün başlanğıcı oldu. 44 gün davam edən Vətən müharibəsi ilə dövlətimiz beynəlxalq hüququn tələblərini yerinə yetirərək 30 ilə yaxın işğala son qoydu. Bu qələbə regionun siyasi mənzərəsini dəyişdi və Cənubi Qafqazda Azərbaycan mərkəzli yeni reallıqların əsasını qoydu. Xalqımızın iradəsi, ordumuzun qəhrəmanlığı və dövlətin strateji düşüncəsi sayəsində Azərbaycan öz tarixi missiyasını yerinə yetirdi.
Prezident İlham Əliyev bu dövrdə həm müdrik siyasətçi, həm də Müzəffər Ali Baş Komandan kimi xalqın inamını və sevgisini qazandı. Onun müharibə dövründə atdığı qətiyyətli addımlar və dəmir məntiqə əsaslanan çıxışları bütün cəmiyyəti ruhlandırdı. Qələbədən sonra da dövlət başçısı sülh, bərpa və inkişaf istiqamətində böyük layihələrə rəhbərlik edir. Azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı xalqın öz doğma yurduna dönməsi üçün yeni ümidlər yaradıb.
Bu gün Azərbaycan regionda sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın aparıcı qüvvəsinə çevrilib. Zəfərdən sonra atılan diplomatik addımlar ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəldib. Qalib Azərbaycanın səsi artıq dünya miqyasında eşidilir, onun sözünə hörmətlə yanaşılır. 8 Noyabr Zəfəri ilə başlayan bu dövr xalqımızın öz gücünə inandığı, dövlətimizin isə gələcəyə inamla addımladığı mərhələdir.
Nizami Şahvələdov
YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın