Azərbaycanın qəhrəmanlıq salnaməsində 25 oktyabr 2020-ci il xüsusi yer tutur. Həmin gün Qubadlı şəhəri və rayonun bir neçə kəndi rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. 44 günlük Vətən müharibəsinin bu mərhələsi həm hərbi, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyırdı. Cəbrayıl və Zəngilan istiqamətlərində aparılan uğurlu əməliyyatlar nəticəsində Qubadlıya gedən yol açıldı və ordumuz düşmənin möhkəmləndirilmiş istehkamlarını yararaq şəhəri azad etdi. Bu xəbər Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xalqa çatdırıldı və həmin an Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə çevrildi.

Qubadlının azad olunması həm də Şərqi Zəngəzur bölgəsində strateji üstünlüyün təmin olunması demək idi. Şəhərin alınması ilə Azərbaycan Ordusu Laçın istiqamətində irəliləmək üçün əlverişli mövqelərə sahib oldu. Qubadlı əməliyyatı zamanı Zilanlı, Muğanlı, Kürd Mahruzlu, Alaqurşaq kimi kəndlər də azad edildi. Prezident İlham Əliyev bu əməliyyatı “tarixi hadisə” adlandıraraq bildirmişdi ki, Qubadlının azadlığı qələbəni yaxınlaşdırdı və ordumuzun qətiyyətini bütün dünyaya nümayiş etdirdi.

Bu qələbə uğrunda çoxlu şəhidlər verildi. Azərbaycanın qəhrəman övladları canları bahasına torpaqlarımızı azad etdilər. Onların xatirəsi bu gün hər bir azərbaycanlının qəlbində əbədi yaşayır. Prezidentin 2020 və 2021-ci illərdə imzaladığı sərəncamlarla Qubadlının azad edilməsində iştirak etmiş 15 mindən çox hərbçi “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olundu. Bu, həm dövlətin qəhrəman oğullarına olan ehtiramının, həm də xalqımızın birliyinin rəmzidir.

Bu gün Qubadlıda həyat yenidən canlanır. Şəhərin bərpası üçün möhtəşəm layihələr həyata keçirilir, müasir Baş plan təsdiqlənib. Bu plan çərçivəsində “yaşıl şəhər” konsepsiyası üzrə tikililər inşa edilir, su ilə qovuşan şəhər modeli tətbiq olunur. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Qubadlıya səfərləri bu torpaqlara qayıdışın rəmzinə çevrilib. Qubadlı indi həm Zəfərin, həm də yenidənqurulan Azərbaycanın simvoludur.

Leyla Babışova

YAP Şuşa rayon təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.