Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının mühüm strateji bölgəsində yerləşən qədim yurdlarımızdan biridir. Rayonun təbii gözəlliyi, zəngin flora və faunası, həmçinin Həkəri və Bərgüşad çaylarının yaratdığı əlverişli kənd təsərrüfatı mühiti onu ölkənin ən məhsuldar ərazilərindən birinə çevirirdi. İşğala qədər Qubadlıda əkinçilik, tütünçülük və heyvandarlıq geniş yayılmışdı. Bu torpağın hər qarışı həm iqtisadi, həm də tarixi baxımdan qiymətli idi.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Qubadlının işğal edilməsi rayonun həyatını tamamilə dəyişdi. Minlərlə sakin məcburi köçkün düşərək Azərbaycanın müxtəlif bölgələrinə səpələndi. Yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri dağıdıldı, rayonun yeraltı və yerüstü sərvətləri talan edildi. Ermənistanın burada həyata keçirdiyi qanunsuz məskunlaşma siyasəti beynəlxalq hüququn, xüsusən Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması idi. Lakin Azərbaycan xalqı heç vaxt torpaqlarının unudulmasına yol vermədi və qayıdış arzusu daim yaşadı.
2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə qazandı. Qubadlı şəhərinin 25 oktyabrda azad edilməsi müharibənin ən strateji mərhələlərindən biri oldu. Çətin relyef və gücləndirilmiş düşmən mövqelərinə baxmayaraq, Azərbaycan əsgəri qəhrəmanlıq göstərdi və Qubadlıya üçrəngli bayrağımızı sancdı. Prezident İlham Əliyevin sözləri ilə desək: “Qubadlıya öz sahibləri qayıtdı.”
Bu gün Qubadlıda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Qubadlı–Eyvazlı və Qubadlı–Laçın avtomobil yolları bölgənin sosial-iqtisadi inkişafını sürətləndirəcək. Qubadlı bu gün dirçəlişin, milli iradənin və əbədi qayıdışın rəmzinə çevrilmişdir.
Xəyalə Novruzova
YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini


Bir şərh yazın