Qubadlının 25 oktyabr 2020-ci ildə işğaldan azad edilməsi Vətən müharibəsinin gedişində strateji və mənəvi dönüş nöqtəsi oldu. Cəbrayıl və Zəngilan istiqamətində qazanılan uğurlar Şərqi Zəngəzurun qərb sərhədində dağlıq relyefdə yerləşən bu bölgəyə gedən yolu açdı, ordumuz isə şəhərə hakim yüksəklikləri nəzarətə götürərək əməliyyat üstünlüyü əldə etdi. 23 oktyabrda Alaqurşaq, Kürd Mahruzlu, Muğanlı, Zilanlı kimi yaşayış məntəqələrinin ard-arda azad edilməsi, 25 oktyabrda Qubadlı şəhərinin üzərində üçrəngli bayrağın dalğalanması qələbəni yaxınlaşdırdı. Prezident İlham Əliyevin xalqa çatdırdığı müjdə, cəbhədə döyüşən əsgərlərin ruhunu yüksəltdiyi kimi, arxa cəbhədəki milyonlarla insanın qəlbində də qürur və birliyə çevrildi.
Qubadlı əməliyyatı taktiki baxımdan Laçın və Şuşa istiqamətlərinə açarı verdi. Yazı düzü və ətraf yüksəkliklər uğrunda gedən şiddətli döyüşlər düşmənin uzun illər qurduğu müdafiə sədlərini darmadağın etdi. Şəhərin azad edilməsindən sonra ordumuz Laçın rayonunun cənub hissəsində Güləbird, Səfiyan, Türklər kimi kəndləri nəzarətə götürdü, strateji mövqelər ələ keçirildi. Beləcə Şuşaya alternativ, gözlənilməz və çətin dağ-marşrutlu istiqamət açıldı; 8 noyabrda Şuşanın azad edilməsi ilə müharibənin taleyi faktiki həll olundu və düşmən kapitulyasiyaya məcbur qaldı. Bu silsilə hadisələr Qubadlının qələbə zəncirində həlledici bir halqa olduğunu təsdiqlədi.
Qələbənin qiyməti böyük idi: Qubadlı uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bu gün hər kəsin qəlbində yaşayır. Dövlət, qəhrəmanların xidmətini yüksək dəyərləndirərək, 26 noyabr 2020-ci ildə “Qubadlının azad olunmasına görə” medalını təsis etdi; 29 dekabr 2020-ci və 24 iyun 2021-ci il sərəncamları ilə bu əməliyyatlarda fərqlənən Silahlı Qüvvələrin 15 209 hərbi qulluqçusu həmin medalla təltif olundu. Qubadlı toplumunun Birinci və İkinci Qarabağ müharibələrində verdiyi qurbanlar, 19 yaşında “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Vüsal Yaqubov kimi igidlərin hekayələri, rayonun qəhrəmanlıq salnaməsinə çevrilib. 25 oktyabrın “Qubadlı Şəhəri Günü” kimi rəsmən qeyd edilməsi də bu yaddaşın dövlət səviyyəsində əbədiləşdirilməsidir.
Azadlıqdan dərhal sonra başlanmış bərpa-yenidənqurma mərhələsi Qubadlının gələcəyini sistemli planla formalaşdırır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2020-ci ilin 23 dekabrından etibarən reallaşan səfərləri, enerji və yol infrastrukturundan tutmuş məktəb, ictimai binalar, muzey komplekslərinə qədər müxtəlif layihələrin təməlinin qoyulması bu siyasətin praktiki məzmununu göstərir. 9 sentyabr 2025-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş Qubadlı şəhərinin 2040-cı ilədək Baş planı “yaşıl şəhər” konsepsiyası, suya həssas planlaşdırma, piyada əlçatanlığı və aşağı sürətli nəqliyyat prinsiplərinə söykənir; mərkəzdə ortamərtəbəli ictimai-yaşayış binaları, kənarlarda azmərtəbəli fərdi evlər, müxtəlif zonalar arasında sıx əlaqə yaradan piyada küçəsi və istirahət məkanları nəzərdə tutulur. Plan, həmçinin əhalinin mərhələli şəkildə 14 min nəfərə çatdırılmasını, ekoloji kənd təsərrüfatı, balıqçılıq, sənətkarlıq və aqroturizmin inkişafını hədəfləyir.
Qubadlı həm də dağıntıların miqyası ilə üz-üzədir: işğal illərində yüzlərlə sosial-mədəni obyekt, minlərlə fərdi ev, infrastruktur xətləri və körpülər məhv edilib, geniş ərazilər minalanıb. Bu reallıq bərpa işlərini daha mürəkkəb və zaman aparan etsə də, dövlətin siyasi iradəsi və xalqın qayıdış əzmi bu çətinliyi fürsətə çevirir. Bu gün rayonda tikilən hər bina, çəkilən hər yol təkcə fiziki bərpa deyil, həm də mənəvi dirçəlişin rəmzidir. Qubadlı azad edilmiş torpaqlarda həyatın yenidən qurulduğunu göstərən canlı nümunə kimi, Zəfərin dayaq nöqtəsindən Böyük Qayıdışın ünvanına çevrilir.
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri


Bir şərh yazın