1993-cü il avqustun 31-i Azərbaycan tarixində ağır xatirələrlə yadda qalıb. Həmin gün Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, bölgənin sosial, iqtisadi və mədəni mühiti tamamilə məhv olunmuşdu. Rayonun bütün inzibati və təsərrüfat infrastrukturu dağıdıldı, kəndlərdə yaşayan insanlar doğma ocaqlarından didərgin düşdü. Ümumilikdə, Qubadlıda 30 minə yaxın insan uzun illər boyu məcburi köçkün həyatı yaşamağa məcbur oldu. İşğal dövründə isə bölgənin tarixi, dini və mədəni irsinə qarşı amansız vandalizm aktları həyata keçirildi.
2020-ci ilin payızında başlanan Vətən müharibəsi Qubadlının azadlığına aparan tarixi prosesin əsas mərhələsi oldu. Oktyabrın 25-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qubadlını işğaldan azad etdi. Şəhərin və ətraf yüksəkliklərin azad olunması uğrunda döyüşlər çətin relyef və güclü istehkam sisteminə qarşı aparılmışdı. Bu uğur müharibənin gedişatında mühüm strateji dönüş yaratdı və Ordumuzun Qarabağda növbəti qələbələri üçün geniş imkan formalaşdırdı.
Qubadlının azad edilməsindən sonra dövlət səviyyəsində bölgənin yenidən qurulması və həyatın bərpası istiqamətində ardıcıl tədbirlər görülməyə başlandı. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 2020-ci il dekabrın 23-də Qubadlıya ilk səfər edərək burada hərbçilərlə görüşdülər. Dövlət başçısı Xanlıq kəndində ermənilərin qanunsuz məskunlaşma siyasətini sərt şəkildə pislədi və bu addımın beynəlxalq hüquqa zidd olduğunu xüsusi vurğuladı.
Sonrakı illərdə Qubadlıya edilən dövlət səfərləri bərpa və quruculuq proqramının sistemli şəkildə həyata keçirildiyini göstərdi. 2021-ci ildə mühüm yolların, yarımstansiyaların və hərbi obyektlərin açılışı baş tutdu. 2022-ci ildə Qubadlı şəhərinin Baş planı təqdim edildi, İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. 2023-cü ildə isə kəndlərin bərpası və yeni yaşayış massivlərinin inşası istiqamətində real tikinti mərhələsinə keçildi. Bu gün Qubadlı öz tarixi sahiblərinə qayıdır və doğma torpağın dirçəliş dövrünü yaşayır.
Səbinə Gözəlova
YAP Şuşa Rayon Təşkilatının 41 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın