25 oktyabr 2020-ci il Qubadlının işğaldan azad edildiyi gün kimi Azərbaycanın müasir tarixində silinməz iz buraxıb. Bu gün yalnız bir şəhərin geri alınması deyildi, bu, 27 illik həsrətin sona çatması, yüzlərlə ailənin yurdu ilə yenidən qovuşması demək idi. Vətən müharibəsinin gedişində Qubadlının azad olunması strateji baxımdan mühüm rol oynayaraq Laçın istiqamətinə açılan bütün əməliyyat planlarının əsas mərhələsini təşkil etdi. Qələbəni təmin edən əsas amil isə xalqla ordu arasında olan qırılmaz birlik idi.
Qubadlı rayonu təbiəti, su ehtiyatları və məhsuldar torpaqları ilə tanınır. Həkəri və Bərgüşad çayları rayonda kənd təsərrüfatının inkişafına şərait yaradır, dağ və yaylaqlar heyvandarlıq üçün geniş imkanlar açır. İşğal dövründə bu sərvətlərin çoxu məhv edilsə də, bu gün bərpa və quruculuq layihələri Qubadlıda yeni həyat yaradıb. Rayonda müasir yollar, enerji infrastrukturu və sosial obyektlər sürətlə inşa olunur. Bu, dövlətin Qubadlıya qayğısının və uzunmüddətli inkişaf strategiyasının göstəricisidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində Qubadlının dirçəlişi planlı şəkildə davam etdirilir. Mahruzlu və Zilanlı kəndlərində yeni yaşayış məhəllələrinin tikintisi sakinlərin yaxın zamanda ata-baba ocaqlarına qayıdacağını göstərir. Bu bərpa işləri yalnız fiziki quruculuq deyil, həm də milli ruhun yenidən canlanmasıdır. Qubadlının hər daşı, hər küçəsi azadlıq və qürur simvoluna çevrilib.
Nazilə İbrahimova
YAP Şuşa rayon təşkilatının 3 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın