Azərbaycan əsgərinin mərdliyi, xalqın birliyi və dövlət rəhbərliyinin qətiyyətli iradəsi ilə qazanılan Vətən müharibəsi Zəfəri, milli tariximizin ən şanlı səhifələrindən biridir. Bu uğurun rəmzlərindən biri də Qubadlı rayonunun azad olunmasıdır. Qubadlı 30 ilə yaxın müddətdə işğal altında qalmış, bu dövrdə ağır dağıntılara və talana məruz qalmışdı. Lakin xalqımız heç zaman torpaqlarını unutmamış, qayıdış ümidini yaşatmışdır.
Qubadlı uğrunda aparılan əməliyyatlar yüksək hərbi hazırlıq və strateji düşüncə tələb edirdi. Şəhəri əhatə edən yüksəkliklər düşmən tərəfindən gücləndirilmiş istehkamlarla qorunurdu. Azərbaycan Ordusu əvvəlcə bu yüksəkliklərə nəzarəti ələ keçirdi, daha sonra isə kənd-kənd irəliləyərək oktyabrın 25-də Qubadlıya daxil oldu. Bu Qələbə müharibənin sonrakı gedişatına ciddi təsir göstərərək Azərbaycanın tam Qələbəsinə yol açdı.
Prezident İlham Əliyev tərəfindən təsis edilən “Qubadlının azad olunmasına görə” medalı bu döyüşlərdə can qoymuş əsgər və zabitlərimizin qəhrəmanlığının dövlət tərəfindən yüksək qiymətləndirilməsidir. Bu medalı alan hər bir hərbi qulluqçu, Azərbaycan torpaqlarının azadlığı uğrunda göstərilən iradənin canlı simvoludur. Şəhidlərimizin xatirəsi isə xalqın yaddaşında əbədi yaşayacaq.
Bu gün Qubadlı yeni inkişaf dövrünə qədəm qoyur. 2040-cı ilədək Baş Plan əsasında şəhər və kəndlərin yenidən qurulması həyata keçirilir. Sosial obyektlər, təhsil və tibb müəssisələri, kənd təsərrüfatı sahələri bərpa edilir. Böyük Qayıdış proqramı çərçivəsində sakinlərin doğma yurdlarına dönüşü təmin olunmaqdadır. Qubadlı, həm tariximizin qəhrəmanlıq səhifəsi, həm də gələcəyin ümid dolu ünvanıdır.
İlham Həsənov
YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın