Qubadlının işğaldan azad edilməsi Azərbaycan tarixinin ən mühüm səhifələrindən biridir. Bu, yalnız hərbi qələbə deyil, həm də milli ləyaqətin və qürurun bərpası idi. 25 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Qubadlı illər boyu həsrət çəkən sahiblərinə qovuşdu. Xalqımız həmin gün əsl zəfərin sevincini yaşadı.
Rayonun işğalı dövründə onun iqtisadi potensialı tamamilə sıradan çıxmışdı. 7278-dən çox ev, onlarla məktəb və sosial obyekt dağıdılmış, kənd təsərrüfatı və heyvandarlıq çökdürülmüşdü. Meşələr məhv edilmiş, təbii sərvətlər talan olunmuşdu. Qubadlı sözün əsl mənasında viran qoyulmuşdu. Bütün bunlar düşmən tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş vandalizm siyasətinin nəticəsi idi.
Azadlıqdan sonra Qubadlıda həyata keçirilən bərpa və yenidənqurma işləri dövlətin bu torpaqlara qayğısının bariz göstəricisidir. Mahruzlu və Zilanlı kəndlərində müasir yaşayış massivləri salınır, enerji və su təchizatı sistemləri qurulur, məktəblər və sosial obyektlər tikilir. Bu proses yalnız tikinti deyil, həm də həyatın, mədəniyyətin və ənənələrin bərpasıdır. Bu torpaqlara yenidən can gəlir.
Qubadlının yol infrastrukturu da geniş şəkildə yenidən qurulur. Qubadlı–Eyvazlı və Qubadlı–Laçın yollarının çəkilməsi bölgəni ətraf rayonlarla və iqtisadi mərkəzlərlə birləşdirəcək, əhalinin qayıdışını sürətləndirəcək. Yeni yollar həm iqtisadi inkişaf, həm də sosial dirçəliş üçün mühüm əhəmiyyət daşıyır. Bu layihələr bölgənin gələcək inkişafının təməlini formalaşdırır.
Bu gün Qubadlı təkcə azad olunmuş torpaq deyil, həm də dövlətimizin qüdrətinin, xalqın iradəsinin və şəhidlərimizin müqəddəs xatirəsinin rəmzidir. Qubadlıya qayıdış hər bir azərbaycanlının qəlbində milli qürur və sevinc hissi oyadır. Bu diyarın gələcəyi parlaqdır və artıq burada yeni həyat başlayır.
Rəşad Rəsulov
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın