Azərbaycan tarixində 25 oktyabr günü Zəfər salnaməsində xüsusi yer tutur. 2020-ci ildə həmin gün Qubadlı şəhəri işğaldan azad edildi. Bu qələbə Vətən müharibəsinin həlledici mərhələlərindən biri idi və düşmən ordusunun planlarının tam çökməsinə gətirib çıxardı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Qubadlı öz azadlığına qovuşdu.
Qubadlı rayonunun təbiəti, torpaq ehtiyatları və mineral sərvətləri onun iqtisadi potensialını daha da artırır. Əhəng daşı, mişar daşı və digər tikinti materialları gələcək sənaye inkişafına ciddi töhfə verəcək. İşğala qədər kənd təsərrüfatı və heyvandarlıq burada əsas məşğuliyyət sahələrindən idi. Rayonun azad olunması ilə bu sahələrin yenidən dirçəlməsi üçün geniş imkanlar yaranmışdır.
İşğal illərində Qubadlı böyük dağıntılara məruz qalmışdı. Dini abidələr təhqir olunmuş, qəbiristanlıqlar dağıdılmış, evlər yandırılmışdı. Qubadlı sakinləri isə doğma torpaqlarına qayıdacağı günün həsrəti ilə yaşamışdılar. Bu həsrət 2020-ci ildə baş tutan qələbə ilə sona çatdı. Azərbaycan xalqı həmin gün təkcə torpağını deyil, həm də mənəvi gücünü geri aldı.
Bu gün Qubadlıda geniş bərpa və quruculuq işi aparılır. Yeni şəhərsalma layihələri müasir şəhər konsepsiyasına uyğun şəkildə həyata keçirilir. Qubadlı şəhərinin 2040-cı ilə qədər inkişaf planı bölgənin sosial-iqtisadi həyatının yenidən yüksəlişə keçəcəyini göstərir. Rayonun inkişafı həm əhalinin qayıdışını, həm də iqtisadi canlanmanı təmin edir.
Qubadlı bu gün dirçəlişin, əzmin və qürurun rəmzidir. Bu torpaqlarda kök salan yeni həyat uzun illər həsrət çəkən insanların ümidinə çevrilib. Qubadlıya qayıdan hər insan öz həyatı ilə bu diyarın yenilənməsinə töhfə verir. Azərbaycan bayrağı bu torpaqlarda daim qürurla dalğalanacaq.
Nizami Şahvələdov
YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın