Qubadlı rayonunun azad olunması Azərbaycanın hərb tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. 44 günlük Vətən müharibəsi boyunca ordu çətin dağ relyefində uğurlu əməliyyatlar apararaq strateji yüksəklikləri bir-bir azad etdi. 25 oktyabr günü Qubadlının azad olunması yalnız hərbi əməliyyat deyil, həm də mənəvi qələbə idi. Bu qələbə Azərbaycanın güclü dövlət, güclü ordu və güclü xalq modelinin gerçək təcəssümü kimi tarixə düşdü.
Rayonun işğalı illərində mədəni irsin, tarixi abidələrin və yaşayış məntəqələrinin məqsədyönlü şəkildə dağıdılması xalqımızın yaddaşına dərin yaralar vurmuşdu. Qubadlılılar illərlə doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşamış, bu torpaqları ürəklərində yaşatmışdılar. Azadlıqdan sonra dövlət tərəfindən aparılan bərpa işləri həmin həsrətin sevincə çevrildiyi yeni bir mərhələnin əsasını qoydu. Bu gün Qubadlıda yeni məktəblər, mədəniyyət evləri, sosial xidmət obyektləri tikilir.
Prezident İlham Əliyevin Qubadlıya etdiyi səfərlər və təsdiqlənmiş baş plan rayonda inkişafın məqsədyönlü şəkildə davam etdiriləcəyini göstərir. Qubadlı–Laçın və Qubadlı–Eyvazlı avtomobil yolları bölgənin nəqliyyat əlaqələrini gücləndirəcək, kənd təsərrüfatı və turizmin inkişafına şərait yaradacaq. Bu torpaqlara qayıdan hər bir ailə yalnız öz evini deyil, həm də bu regionun gələcəyini yenidən inşa edir. Qubadlı artıq yeni dövrün inkişaf mərkəzinə çevrilməkdədir.
Kamalə Səfərova
YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın