Qubadlının azad edilməsi 44 günlük Vətən müharibəsinin strateji mərhələsini tamamladı və Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yolda mühüm addım oldu. 1993-cü ilin avqustunda düşmən tərəfindən işğal olunan Qubadlı, 27 ildən sonra 2020-ci ilin oktyabrında öz sahiblərinə qayıtdı. Bu hadisə yalnız hərbi uğur deyil, həm də milli kimliyin, ədalətin və haqqın bərpası idi. Prezident İlham Əliyev bu xəbəri xalqa çatdırarkən bütün ölkə boyu sevinc, fərəh və qürur hissləri dalğalandı.
Azadlıqdan dərhal sonra Qubadlıda böyük quruculuq mərhələsi başlandı. 2020-ci ilin dekabrında Prezident və Birinci xanımın şəhərə ilk səfəri yeni dövrün başlanğıcı oldu. Qısa müddətdə enerji, nəqliyyat və sosial infrastrukturun təməli qoyuldu. 2040-cı ilədək Baş plana əsasən, şəhərin ekoloji cəhətdən dayanıqlı inkişafı təmin ediləcək, “yaşıl şəhər” konsepsiyası tətbiq ediləcək. Qubadlıda suya həssas planlaşdırma, piyada küçələri, istirahət və ictimai məkanların yaradılması nəzərdə tutulur.
Bu gün Qubadlı təkcə bir rayonun deyil, bütün Azərbaycanın dirçəliş simvoluna çevrilib. İşğal dövründə tamamilə dağıdılmış bu torpaq indi yenidən həyatla dolur. Bərpa olunan hər bina, salınan hər yol xalqımızın iradəsini, dövlətimizin gücünü və şəhidlərimizin ruhuna ehtiramı əks etdirir. Qubadlı azadlıqdan sonra inkişafın, sülhün və gələcəyə inamın mərkəzinə çevrilir.
Aynurə Məlikova
YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın