2020-ci ilin payızında Azərbaycan xalqı tarixinin ən qürurlu günlərini yaşadı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız azad edildi və illərlə davam edən həsrətə son qoyuldu. Həmin qələbə tarixində xüsusi yeri olan 25 oktyabrda Qubadlı şəhəri işğaldan azad edildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu hadisə müharibənin nəticələrinə həlledici təsir göstərərək qələbəni daha da yaxınlaşdırdı. Qubadlının azad olunması Azərbaycan əsgərinin yenilməz ruhunun parlaq təzahürü idi.
Qubadlı rayonu həm coğrafi mövqeyinə, həm də təbii resurslarına görə strateji əhəmiyyətə malikdir. Rayonun ərazisindən keçən Həkəri və Bərgüşad çayları bölgənin kənd təsərrüfatı üçün mühüm əhəmiyyət daşıyır. Buradakı mərmərlər, yəşəm və digər sərvətlər isə sənaye və tikinti sahələri üçün geniş imkanlar açır. İşğaldan əvvəl rayonda iqtisadi və sosial həyat kifayət qədər inkişaf etmişdi, lakin 1993-cü ildə torpaqların işğalı bu inkişafı tamamilə dayandırdı.
İşğal illərində Qubadlı rayonunun kəndləri, tarixi və dini abidələri məqsədyönlü şəkildə dağıdılmışdır. Rayonda qanunsuz məskunlaşma siyasəti aparılmış, xarici ölkələrdən gətirilən ermənilər yerləşdirilmişdir. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması idi. Lakin Qubadlı xalqı ümidini itirmədi, hər bir qubadlının qəlbində bir gün doğma torpağa qayıtmaq arzusu yaşayırdı.
Vətən müharibəsində ordumuz Qubadlının azad olunması uğrunda ağır döyüşlər apardı. Əvvəl yüksəkliklər nəzarətə götürüldü, daha sonra isə mühüm kəndlər bir-bir azad edildi. 25 oktyabrda isə şəhərin tam azad edilməsi xəbəri bütün Azərbaycanda böyük sevinclə qarşılandı. Bu qələbə həm tarixi ədalətin bərpası, həm də xalqımızın birliyinin möhkəmliyinin göstəricisi idi.
Bu gün Qubadlı yenidən qurulur və müasir şəhər konsepsiyası əsasında inkişaf etdirilir. Yeni yollar, məktəblər, sosial obyektlər tikilir, kəndlər bərpa olunur. Qubadlıya qayıdan hər bir ailə öz yurdunu yenidən dirçəldir. Qubadlının dirçəlişi Azərbaycan dövlətinin gücünü, xalqın iradəsini və gələcəyə olan əminliyini bir daha nümayiş etdirir.
Rafiq Kalbalıyev
YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri müavini


Bir şərh yazın