2020-ci ilin 20 oktyabrı Azərbaycan tarixində ən yadda qalan günlərdən biri kimi əbədiləşdi. Həmin gün Ali Baş Komandan İlham Əliyev xalqımıza Zəngilan şəhərinin işğaldan azad olunması xəbərini verdi. Bu xəbər təkcə Zəngilan sakinləri üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük bir qürur və sevinc anı idi. 27 il həsrətlə gözlənilən o gün gəldi – Zəngilan torpağına yenidən Azərbaycan bayrağı sancıldı. Bu, həm ədalətin, həm də xalqımızın sarsılmaz iradəsinin təntənəsi idi.
Zəngilanın azad olunması Vətən müharibəsinin gedişatında strateji dönüş nöqtələrindən biri oldu. Hər qarış torpağı uğrunda canını fəda edən igid oğullarımız düşmənin illərlə qurduğu müdafiə sədlərini yararaq, bu qədim diyarı işğaldan xilas etdilər. Azərbaycan əsgərinin qətiyyəti, dövlətimizin gücü və xalqın birliyi bu zəfəri mümkün etdi. Zəngilanın alınması ilə Azərbaycan-İran sərhədinin 132 kilometrlik hissəsi də tam bərpa olundu və dövlət sərhədində üçrəngli bayrağımız yenidən dalğalandı.
Bu qələbə, sadəcə hərbi deyil, həm də mənəvi zəfər idi. 27 il doğma yurd həsrəti ilə yaşayan zəngilanlılar üçün bu xəbər göz yaşları içində sevinci, fədakarlığın bəhrəsini simvolizə etdi. Dağılmış, xarabaya çevrilmiş yurd yerləri artıq yenidən canlanmağa, həyat qazanmağa başlayır. Zəngilanın hər daşı, hər ağacı, hər bulağı bu zəfərin səsini daşıyır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Ağıllı kənd layihəsi, beynəlxalq hava limanının açılışı, yeni yollar və müasir infrastruktur Zəngilanın gələcəyini parlaq edir. Artıq Zəngilan təkcə azad olunmuş torpaq deyil, həm də yenidən doğulan bir həyat məkanıdır.
Bu gün Zəngilan azadlığın, dirçəlişin və milli qürurun rəmzinə çevrilib. Hər 20 oktyabrda xalqımız o böyük qələbə gününü minnətdarlıqla xatırlayır. Zəngilanın azad olunması göstərdi ki, Azərbaycan xalqı heç vaxt öz torpaqlarından, öz haqqından vaz keçmir. “Qarabağ Azərbaycandır!” şüarı Zəngilanın azadlığı ilə bir daha gerçəkliyə çevrildi.
Hidayət Səmədov
YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın