Azərbaycan və Qazaxıstan münasibətləri təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, həm də Türk dünyasının birliyinin möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri bu birliyin daha da gücləndirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Liderlərin müzakirələrində Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və ortaq layihələrin həyata keçirilməsi xüsusi vurğulandı.

İki ölkə arasında mədəni-humanitar sahədə əlaqələr də dinamik şəkildə inkişaf edir. Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA kimi qurumlar vasitəsilə Azərbaycan və Qazaxıstan ortaq mədəni irsin qorunması və təbliği istiqamətində birgə fəaliyyət göstərir. Bu əməkdaşlıq xalqlar arasında mənəvi yaxınlığı gücləndirməklə yanaşı, gələcək nəsillər üçün də mühüm dəyərlər formalaşdırır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan ilə Qazaxıstan arasında qurulan münasibətlər ortaq tarixə, dəyərlərə və türk kimliyinə əsaslanır. Bu birliyin gücü yalnız siyasi deyil, həm də ideoloji əsaslara söykənir. İki ölkənin liderləri Türk dünyasının həmrəyliyinin yeni mərhələyə keçidini təmin edirlər. Bu isə regionda birgə qərarların qəbuluna və strateji təşəbbüslərin həyata keçirilməsinə təkan verir.
Bugün Türk dünyası artıq qlobal arenada daha çox söz sahibinə çevrilir. Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsləri bu prosesin mərkəzində dayanır. İkitərəfli münasibətlər həm Türk birliyinin iqtisadi əsaslarını möhkəmləndirir, həm də onun beynəlxalq nüfuzunu artırır. Bu baxımdan Prezident İlham Əliyevin Qazaxıstana səfəri tarixi əhəmiyyət daşıyır.
Elxan Ələkbərov
YAP Şuşa rayon təşkilatının fəalı

Bir şərh yazın