Azərbaycan və Qazaxıstan münasibətləri sadəcə qonşuluq və diplomatik əlaqələrlə məhdudlaşmır, bu münasibətlərin təməlində ortaq türk kimliyi, qarşılıqlı hörmət və mənəvi yaxınlıq dayanır. Prezident İlham Əliyevin Qazaxıstana səfəri bu dəyərlərin dövlət siyasətində necə praktik reallığa çevrildiyini göstərdi. Səfər çərçivəsində imzalanan sənədlər və verilən bəyanatlar iki ölkə arasında strateji müttəfiqliyin dərinləşdiyini təsdiqlədi. Bu münasibətlər təkcə bugünkü maraqlara deyil, həm də ortaq gələcəyə hesablanıb.

Prezident İlham Əliyev müsahibəsində xüsusi vurğuladı ki, iki ölkə arasındakı siyasi əlaqələr “ən yüksək etimad və möhkəmliklə” xarakterizə olunur. Bu etimadın formalaşmasında onilliklər ərzində yaranmış dostluq, ortaq tarixi irs və mədəni dəyərlər mühüm rol oynayıb. Azərbaycanın müstəqillik illərində Qazaxıstanla qurduğu əlaqələr regionda sabitliyin qorunmasına və Türk dünyasının inteqrasiyasına böyük töhfə verib. İki ölkənin beynəlxalq təşkilatlarda – BMT, Türk Dövlətləri Təşkilatı və İƏT çərçivəsində bir-birini dəstəkləməsi bu həmrəyliyin təzahürüdür.
İqtisadi sahədə əməkdaşlıq da strateji xarakter daşıyır. Ticarət dövriyyəsinin artması, investisiya axınlarının çoxalması və birgə layihələrin həyata keçirilməsi iki ölkə arasında iqtisadi birliyin təməlini möhkəmləndirib. Qazaxıstanın Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası qardaşlıq münasibətlərinin real simvoluna çevrilib. Bu, eyni zamanda Qazaxıstanın Qarabağın bərpasına verdiyi mənəvi dəstəyin göstəricisidir.
Azərbaycan–Qazaxıstan münasibətləri bu gün təkcə regionun deyil, bütövlükdə Türk dünyasının gələcək inkişafına istiqamət verən strateji xəttin tərkib hissəsidir. Hər iki ölkənin liderləri –Prezident İlham Əliyev və Kasım-Jomart Tokayev qarşılıqlı səyləri ilə bu münasibətləri zamanın tələblərinə uyğun şəkildə inkişaf etdirirlər. Qardaşlıqdan müttəfiqliyə yüksələn bu əlaqələr Türk dünyasının birliyinin və Avrasiyada sülhün ən mühüm təminatçısına çevrilir.
Nizami Şahvələdov
YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın