Prezident İlham Əliyevin Qazaxıstana səfəri zamanı diqqət mərkəzində olan əsas mövzulardan biri Orta Dəhliz layihəsi idi. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu adlanan bu layihə Avropa ilə Asiya arasında strateji bağlantı rolunu oynayır. Azərbaycan və Qazaxıstan bu təşəbbüsün əsas təşəbbüskarları kimi çıxış edərək, regionun logistika və nəqliyyat infrastrukturunu yeni mərhələyə daşıyır. Prezident İlham Əliyevin sözlərinə görə, bu dəhliz gələcəkdə Avrasiyanın ən səmərəli ticarət xəttinə çevriləcək.

2024-cü ildə bu marşrutla daşımaların həcminin 62 faiz artaraq 4,5 milyon tona çatması onun effektivliyini sübut edir. Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə arasında 20-dən çox logistika və liman operatorunun əməkdaşlığı sayəsində yüklərin çatdırılma müddəti 38 gündən 19 günə enib. Bu fakt Orta Dəhlizin təkcə iqtisadi deyil, həm də strateji baxımdan regionun gələcəyinə yönəldiyini göstərir. Layihənin uğuru həm də siyasi sabitlik və qarşılıqlı etimadın nəticəsidir.
Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan kəməri ilə nəqli, Azərbaycanın isə tranzit imkanlarının genişlənməsi bu əməkdaşlığın yeni iqtisadi ölçülər qazanmasına şərait yaradır. Azərbaycan 2027-ci ilə qədər bu marşrutla daşınan neft həcmini 7 milyon tona çatdırmağı planlaşdırır. Bu, enerji bazarlarında ölkəmizin rolunu gücləndirəcək və regionda enerji təhlükəsizliyinə əlavə töhfə verəcək.
Prezident İlham Əliyevin Astanadakı çıxışında vurğuladığı kimi, nəqliyyat-logistika əlaqələrinin inkişafı Cənubi Qafqazla Mərkəzi Asiyanın inteqrasiyasını daha da dərinləşdirir. Bu, yalnız iqtisadi deyil, həm də siyasi baxımdan Avrasiyanın birləşməsini təmin edən mühüm amildir. Orta Dəhliz bu mənada XXI əsrin strateji körpüsünə çevrilir.
Rəfail Məmmədov
YAP Şuşa rayon təşkilatının fəal üzvü

Bir şərh yazın