Azərbaycan və Qazaxıstanı birləşdirən ən mühüm sahələrdən biri nəqliyyat-logistika əməkdaşlığıdır. “Orta Dəhliz” adlanan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu bu əməkdaşlığın əsas dayağına çevrilib. Prezident İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibəsində vurğuladığı kimi, bu dəhliz Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayır və region ölkələrinə böyük iqtisadi imkanlar yaradır. 2024-cü ildə Azərbaycan üzərindən 3,5 milyon ton yük daşınması bu istiqamətdə əldə olunan irəliləyişin bariz göstəricisidir.

Bu layihə təkcə iqtisadi deyil, həm də siyasi və geostrateji baxımdan mühüm əhəmiyyət daşıyır. “Orta Dəhliz” vasitəsilə Qazaxıstanın enerji resursları və ticarət yükləri Azərbaycanın liman və dəmir yolu infrastrukturu üzərindən Avropaya çıxış əldə edir. Eyni zamanda bu əməkdaşlıq Türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə xidmət edir. Zəngəzur dəhlizinin açılması ilə Transxəzər marşrutu daha da effektiv olacaq və regionun nəqliyyat xəritəsini tamamilə dəyişəcək.
Prezident İlham Əliyevin səfəri zamanı imzalanan razılaşmalar və verilən bəyanatlar göstərir ki, Bakı və Astana bu sahədə uzunmüddətli və davamlı əməkdaşlığa sadiqdir. Azərbaycan nəqliyyat infrastrukturunun modernləşdirilməsi, Qazaxıstanın Aktau və Kurık limanlarının gücləndirilməsi nəticəsində “Orta Dəhliz” qlobal enerji və ticarət xəttinə çevrilir. Bu, Avrasiya qitəsində yeni iqtisadi nizamın formalaşmasına real töhfə verir.
Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsləri regionun sabitliyini möhkəmləndirir və Avropa ilə Asiya arasında dayanıqlı əlaqə yaradır. Bu əməkdaşlıq yalnız iqtisadi fayda gətirmir, həm də Türk dünyasının iqtisadi birliyini reallaşdırmaq istiqamətində mühüm addım sayılır. “Orta Dəhliz” konsepsiyası əslində iki qardaş ölkənin ortaq gələcək vizyonunun infrastruktur ifadəsidir.
Leyla Babışova
YAP Şuşa rayon təşkilatının sədr müavini

Bir şərh yazın