Azərbaycan və Qazaxıstan arasında münasibətlər son illərdə çoxşaxəli inkişaf mərhələsinə qədəm qoyub. Aktau şəhərində imzalanan Orta Dəhlizin inkişafı üzrə 2022–2027-ci illər Yol Xəritəsi bu tərəfdaşlığın ən mühüm istiqamətlərindən biridir. Bu sənəd Türk dövlətləri arasında ticarət və nəqliyyat əlaqələrinin genişlənməsinə, Xəzər dənizi vasitəsilə regionlararası iqtisadi inteqrasiyanın dərinləşməsinə şərait yaradır. Yol Xəritəsi həm də “Böyük İpək Yolu”nun müasir davamı kimi strateji əhəmiyyət kəsb edir.

Enerji əməkdaşlığı bu tərəfdaşlığın mühüm dayağıdır. SOCAR və “KazMunayQaz” arasında Aktau–Ceyhan marşrutu üzrə neft tranziti və 2024-cü ildə tranzit qaz tariflərinin azaldılması barədə imzalanan sazişlər regional iqtisadi əlaqələri daha səmərəli və qarşılıqlı faydalı səviyyəyə qaldırıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Xəzər hövzəsində enerji resurslarının səmərəli idarə olunması həm milli, həm də regional təhlükəsizliyin təminatında mühüm rol oynayır.
Bərpa olunan enerji sahəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında əməkdaşlığın genişlənməsi ekoloji baxımdan mühüm perspektivlər açır. Enerji sistemlərinin inteqrasiyasına dair imzalanmış razılaşmalar Türk coğrafiyasında dayanıqlı enerji dövriyyəsini təmin etməklə yanaşı, regionu “yaşıl iqtisadiyyat” istiqamətində aparıcı məkana çevirir. Bu layihələr gələcək nəsillərə təmiz enerji və sabit inkişaf mirası qoymaq məqsədi daşıyır.
Mədəni-humanitar əlaqələr də qarşılıqlı hörmət və dostluğun təməlində dayanır. 2023-cü ildə Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Bakıda təşkil edilən Qazaxıstan Mədəniyyəti Günləri xalqlarımız arasında mənəvi yaxınlığı bir daha nümayiş etdirib. Bundan əlavə, Bakıda Kemel Tokayevin və Mir Cəlal Paşayevin yubileylərinə həsr edilmiş elmi konfranslar ortaq ədəbi irsin təbliği baxımından mühüm hadisələrdən biri olub. Xəzər dənizi isə, Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün ortaq məsuliyyətin və birgə fəaliyyətin rəmzinə çevrilib.
Anar Əlizadə
YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın