Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər bu gün sadəcə diplomatik əlaqələrin çərçivəsini aşaraq, Türk dünyasında strateji həmrəyliyin və qardaşlıq bağlarının simvoluna çevrilib. Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında Qazaxıstana dövlət səfəri və “Kazinform” agentliyinə verdiyi müsahibə bu münasibətlərin mahiyyətini daha aydın göstərdi. Dövlət başçısının çıxışında vurğulanan ortaq tarix, mənəvi dəyərlər və qarşılıqlı etimad anlayışı iki ölkə arasında möhkəm siyasi təməl yaratdığını təsdiqlədi. Bu təməl təkcə ikitərəfli əlaqələrin deyil, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsi üçün dayaq rolunu oynayır.

Azərbaycan və Qazaxıstan müstəqillik illərində regional sabitliyin qorunması və iqtisadi inkişafın təşviqi baxımından mühüm əməkdaşlıq modeli formalaşdırıblar. Hər iki dövlətin siyasi rəhbərliyi xalqların iradəsinə söykənən dostluq münasibətlərini qarşılıqlı etimad müstəvisində inkişaf etdirir. Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, bu münasibətlərin əsasında onilliklər boyu formalaşmış ortaq türk kimliyi və mənəvi yaxınlıq dayanır. Bu, əlaqələrin sabit və uzunmüddətli olmasının əsas səbəbidir.
İki ölkə arasındakı əməkdaşlığın mühüm sütunlarından biri iqtisadi sahədir. 2025-ci ilin ilk səkkiz ayında ticarət dövriyyəsinin 547 milyon dollara çatması əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Qazaxıstan kapitalı ilə Azərbaycanda 250-yə yaxın kommersiya müəssisəsinin fəaliyyət göstərməsi, Birgə İnvestisiya Fondunun yaradılması və neft, nəqliyyat, logistika kimi sahələrdə tərəfdaşlığın genişlənməsi bu etimadın praktiki nəticəsidir. Eyni zamanda, Qazaxıstanın Qarabağın bərpasına verdiyi dəstək qardaşlıq münasibətlərinin humanitar ölçüsünü daha da gücləndirir.
Mədəniyyət, elm və təhsil sahələrində əlaqələrin genişlənməsi xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Mədəniyyət Günlərinin təşkili, tərcümə layihələri və turizm əlaqələrinin artması qarşılıqlı anlayışın və mənəvi birliyin göstəricisidir. Bu gün Azərbaycan və Qazaxıstanın birgə səyləri Türk dünyasında birliyin və iqtisadi tərəfdaşlığın möhkəmlənməsi üçün yeni imkanlar açır.Prezident İlham Əliyevin səfəri bu əməkdaşlığın gələcək onilliklər üçün etibarlı strateji istiqamətə çevrildiyini bir daha təsdiqlədi.
Rəşad Rəsulov
YAP Şuşa rayon təşkilatının fəal üzvü

Bir şərh yazın