Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan və Qazaxıstanı birləşdirən amillər çoxşaxəlidir. Bu dövlətləri yaxınlaşdıran səbəblər təkcə ortaq tarix və coğrafi mövqelə məhdudlaşmır, həm də siyasi, mədəni və iqtisadi istiqamətlərdə paralel inkişaf strategiyalarından qaynaqlanır. Prezident İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini və strateji mahiyyətini bir daha təsdiqlədi. Müsahibədə vurğulanan məqamlar göstərdi ki, Azərbaycan-Qazaxıstan əlaqələri dostluq və qarşılıqlı etimada söykənən çoxşaxəli tərəfdaşlıq modelidir.
İki ölkə arasındakı siyasi əlaqələr son illərdə yeni mərhələyə qədəm qoymuşdur. “Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Bəyannamə”nin imzalanması münasibətlərin institusional əsaslarını gücləndirmiş, əməkdaşlığa hüquqi baza qazandırmışdır. Bu sənəd həm də türk dünyasının inteqrasiyası prosesində Azərbaycan və Qazaxıstanın aparıcı mövqelərini möhkəmləndirmişdir. Dövlət başçıları arasında aparılan müntəzəm dialoq, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət və qarşılıqlı dəstək bu münasibətləri sadəcə diplomatik səviyyədən çıxararaq qardaşlıq mərhələsinə yüksəltmişdir.
Enerji və nəqliyyat layihələri, xüsusilə “Orta Dəhliz”in inkişafı, Azərbaycan və Qazaxıstanın regionda strateji aktor kimi rolunu artırmışdır. Bu dəhliz yalnız Avrasiyanın ticarət əlaqələrinin inkişafına deyil, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında inteqrasiyanın güclənməsinə xidmət edir. Hər iki ölkənin bu layihəyə verdiyi önəm regional sabitliyin və iqtisadi təhlükəsizliyin təminində mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Qazaxıstanın bu istiqamətdəki birgə fəaliyyəti türk dünyasında iqtisadi əməkdaşlığın lokomotivi kimi çıxış edir.
Mədəni-humanitar əməkdaşlıq isə münasibətlərin ruhunu təşkil edir. Qazaxıstanın azad edilmiş ərazilərin bərpasına göstərdiyi yardım və Füzuli rayonunda “Qazaxıstan-Azərbaycan Dostluq Məktəbi”nin inşası iki ölkə xalqları arasındakı sarsılmaz dostluğun parlaq nümunəsidir. Bu layihə təkcə təhsil sisteminə töhfə deyil, həm də xalqlar arasında mənəvi birliyin rəmzidir. Beləliklə, Azərbaycan və Qazaxıstan təkcə regional tərəfdaş deyil, türk dünyasında birliyin, həmrəyliyin və strateji sabitliyin əsas dayaqları kimi çıxış edir.
Rəşad Rəsulov
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın