Prezident İlham Əliyevin Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibə Azərbaycan–Qazaxıstan münasibətlərinin yüksəlişini əks etdirən mühüm siyasi hadisə kimi dəyərləndirilir. Dövlət başçısının çıxışı yalnız iki ölkə arasında əlaqələrin mövcud vəziyyətini deyil, həm də gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir.Prezident İlham Əliyev bu münasibətləri “qardaşlıq və etimad modeli” adlandırmaqla, Azərbaycan diplomatiyasının insani və mənəvi dəyərlərə əsaslanan xarakterini bir daha nümayiş etdirdi. Onun sözlərində təkcə siyasi ittifaq deyil, həm də ümumtürk dəyərlərinə sadiqlik və xalqlar arasında sarsılmaz birliyin ruhu hiss olunur.
Müsahibədə enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq məsələləri xüsusi yer tutdu. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında neft və qazın beynəlxalq bazarlara daşınması sahəsində möhkəm tərəfdaşlıq formalaşıb. Xəzər dənizi bu əməkdaşlığın mərkəzində dayanır. Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə nəqlinin artırılması planı regionda sabitlik və iqtisadi rifahın təmin olunmasına yönəlib. Bu layihə həm də Avropanın enerji təhlükəsizliyinə yeni nəfəs verir. Azərbaycanın təşəbbüskar mövqeyi göstərir ki, ölkəmiz regionda sabitlik və inkişafın əsas dayaqlarından biridir.
Prezident İlham Əliyevin müsahibəsində “Orta Dəhliz” layihəsi üzərində xüsusi dayanması da təsadüfi deyil. Bu layihə Avrasiya məkanında ticarət əlaqələrinin yeni xəritəsini formalaşdırır. Qazaxıstan və Azərbaycan bu dəhlizin əsas dayaqları kimi çıxış edərək Şərqlə Qərb arasında strateji nəqliyyat marşrutunu daha da gücləndirirlər. Dövlət başçısının dediyi kimi, Xəzər dənizində liman infrastrukturunun təkmilləşdirilməsi və yük axınlarının optimallaşdırılması bu əməkdaşlığın real iqtisadi nəticələrini yaxın gələcəkdə daha aydın göstərəcək. Beləliklə, Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də beynəlxalq nəqliyyat sisteminin əsas həlqəsinə çevrilir.
Prezident İlham Əliyevin müsahibəsi həm də türk dünyasının gələcəyi barədə dərin strateji baxışı özündə ehtiva edir. Dövlət başçısı vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı artıq qlobal səviyyədə tanınan və hörmət edilən bir platformadır. Azərbaycan və Qazaxıstanın bu təşkilatdakı fəal rolu türk dünyasının siyasi gücünü artırmaqla yanaşı, mədəni yaxınlaşmasını da sürətləndirir. Prezidentin fikrincə, xalqlar arasında mədəni əlaqələrin inkişafı, ədəbiyyat və musiqi sahəsində mübadilələrin artması türk həmrəyliyinin mənəvi dayaqlarını gücləndirir.
Elçin Dadaşov
YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın