Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər son onilliklərdə etimad, bərabərhüquqlu dialoq və ortaq türk kimliyi üzərində formalaşaraq strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu yaxınlaşmanın siyasi ifadəsi olaraq, iki dövlət başçıları arasında müntəzəm görüşlər və qarşılıqlı səfərlər tərəflərin gündəlikdəki məsələlərə çevik reaksiya göstərməsinə imkan yaradıb. Diplomatik əlaqələr təkcə protokol çərçivəsində qalmayıb, konkret qərar və mexanizmlərlə möhkəmləndirilib.

Prezident İlham Əliyevin “Kazinform”a verdiyi müsahibə bu reallığın ən dolğun təsviridir: dövlətlərarası dialoqun yüksək tonusda saxlanılması, regional sabitliyin qorunmasında ortaq məsuliyyətin bölüşdürülməsi və çoxtərəfli platformalarda koordinasiyanın artırılması bu münasibətlərin əsas sütunlarına çevrilib. Prezidentlərin şəxsi diplomatiyası iki ölkə arasında siyasi koordinasiyanı yeni keyfiyyət mərhələsinə daşıyıb.
Bu günə qədər təqribən 170 hüquqi sənədin imzalanması, 20 illiyini qeyd etdiyimiz strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilənin verdiyi hüquqi əsaslarla tamamlanır. Həmin sənədlər siyasi, iqtisadi-ticari, investisiya və humanitar sahələrdə əməkdaşlığı sistemli şəkildə tənzimləyir. Ali Dövlətlərarası Şuranın təsis edilməsi isə bu hüquqi yükü icra mərhələsinə daşıyan ali koordinasiya mexanizmidir.
2024-cü ildə ikitərəfli ticarət dövriyyəsinin 470 milyon ABŞ dolları olması, 2025-ci ilin yanvar–avqust aylarında 547 milyon dollara çatması iqtisadi xəttin dayanıqlığını nümayiş etdirir. İnvestisiyalar da bu meyli gücləndirir: Azərbaycanın Qazaxıstana yatırımları 225 milyon, Qazaxıstanın Azərbaycana yatırımları 136 milyon dolları ötüb. Bu rəqəmlər siyasi etimadın real sektorda qarşılığını göstərir.
Mədəni-humanitar sahədə əməkdaşlığın simvollarından biri Füzulidə Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzidir. Artıq 100-ə yaxın uşağın təhsil aldığı bu ocaq təkcə humanitar təşəbbüs deyil, həm də postmünaqişə dövründə regionun bərpasına qardaş dəstəyinin rəmzidir. Ümumi mənzərə göstərir: Azərbaycan–Qazaxıstan münasibətləri siyasi, iqtisadi və mədəni sütunlar üzərində balanslı şəkildə böyüyür.
İlham Həsənov
YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın