Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər əsrlərlə formalaşmış ortaq tarix, mədəniyyət və türk kimliyi üzərində bərqərar olub. Müasir dövrdə bu münasibətlər qardaşlıqdan strateji müttəfiqliyə doğru inkişaf edərək regional əməkdaşlığın nümunəsinə çevrilib. Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” agentliyinə verdiyi müsahibə də məhz bu qarşılıqlı etimad və səmimiyyət mühitinin göstəricisidir. Dövlət başçısının sözləri, xalqlar arasında dostluğun və birliyin gələcək istiqamətlərini müəyyən edən siyasi mesaj kimi qəbul olunur.

Son illərdə iki ölkə arasında siyasi dialoq yüksək səviyyədə davam etdirilir. Dövlət başçılarının mütəmadi görüşləri, qarşılıqlı səfərləri və imzalanan sənədlər bu münasibətlərin möhkəm təməl üzərində qurulduğunu sübut edir. Bu gün Azərbaycan–Qazaxıstan əlaqələri təkcə ikitərəfli deyil, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxşaxəli əməkdaşlıqla tamamlanır. Türk birliyinin inkişafı istiqamətində atılan addımlar, Naxçıvandan Şuşaya və Qəbələyə qədər keçirilən zirvə görüşləri bu birliyin dərinləşdiyini təsdiqləyir.
İqtisadi əməkdaşlıq sahəsində əldə olunan nəticələr də diqqətəlayiqdir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 470 milyon dollar təşkil etmiş, 2025-ci ilin ilk səkkiz ayında isə bu rəqəm 547 milyon dollara çatmışdır. Enerji və logistika sahəsində ortaq layihələr, xüsusilə Aktau–Ceyhan neft marşrutu üzrə razılaşma, regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bununla yanaşı, yaşıl enerji və rəqəmsal iqtisadiyyat istiqamətində də əməkdaşlıq gələcək üçün yeni imkanlar açır.
Azərbaycan–Qazaxıstan münasibətlərinin mühüm dayaqlarından biri də humanitar sahədə əməkdaşlıqdır. Mədəniyyət, təhsil, elm və media sahəsində birgə layihələr xalqlar arasında mənəvi yaxınlığı möhkəmləndirir. TÜRKSOY, TÜRKPA və Türk Akademiyası kimi qurumlar bu əməkdaşlığın inteqrasiya platformaları kimi çıxış edir. Bu əlaqələr təkcə iki ölkə arasında deyil, bütün türk xalqları arasında qardaşlıq bağlarını gücləndirən amillərdəndir.
Kamalə Səfərova
YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın