Müasir beynəlxalq münasibətlərdə xalqlar arasında tarixi, mədəni və mənəvi bağlara əsaslanan əməkdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ilə Qazaxıstan arasındakı əlaqələr bu mənada regionda nümunəvi xarakter daşıyır. Prezident İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibə də bu münasibətlərin dərinliyini, gələcək istiqamətlərini və tərəflər arasında formalaşmış etimad mühitini aydın şəkildə ortaya qoyur. Tarixən ortaq türk kimliyi, oxşar ənənələr və mənəvi yaxınlıq bu əməkdaşlığın təməlini təşkil edib və bu gün bu münasibətlər yeni keyfiyyət mərhələsinə qədəm qoyub.

Azərbaycan ilə Qazaxıstan arasında formalaşmış strateji tərəfdaşlıq münasibətləri qarşılıqlı hörmət və etimada əsaslanır. Prezident İlham Əliyevin sözlərinə görə, ötən onilliklər ərzində xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələri bərqərar olub. Son illərdə iki dövlət başçısının qarşılıqlı səfərləri bu əlaqələrin dinamik inkişafını sübut edir. Cəmi üç il ərzində Azərbaycan Prezidentinin Qazaxıstana yeddi, Qazaxıstan Prezidentinin isə Azərbaycana altı dəfə səfər etməsi tərəflər arasında sıx siyasi dialoqun göstəricisidir. Bu səfərlər çərçivəsində qəbul edilən qərarlar regional əməkdaşlıq formatlarının möhkəmlənməsinə və ikitərəfli münasibətlərin daha səmərəli qurulmasına təkan verir.

Mədəni əməkdaşlıq sahəsində həyata keçirilən layihələr xalqlar arasında dostluğun simvoluna çevrilib. Füzulidə Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi bunun bariz nümunəsidir. Bu mərkəzdə yüzə yaxın azərbaycanlı uşaq incəsənət sahəsində biliklər qazanır və iki xalqın mədəni dəyərləri ilə tanış olur. Bu təşəbbüs yalnız tikili deyil, həm də gələcək nəsillərin qardaşlıq və birlik ruhunda yetişməsinə xidmət edən mənəvi körpüdür.

İkitərəfli münasibətlərin hüquqi bazası da güclü əsaslara malikdir. Azərbaycan və Qazaxıstan arasında imzalanmış Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilə 20 ildir ki, əməkdaşlığın möhkəm dayağı kimi çıxış edir. Bu dövrdə 170-dən çox sənəd imzalanıb, iqtisadi, humanitar və mədəni sahələri əhatə edən mexanizmlər formalaşıb. Hər iki dövlətin Türk dünyasının birliyinə verdiyi önəm, BMT və Türk Dövlətləri Təşkilatı kimi çoxtərəfli platformalarda birgə fəaliyyəti əlaqələrin regional miqyasdan qlobal səviyyəyə yüksəlməsini təmin edib.

Bu gün Azərbaycan–Qazaxıstan əməkdaşlığı iqtisadi və texnoloji müstəvidə də mühüm nəticələr verir. İkitərəfli ticarət dövriyyəsinin sürətli artımı, Orta Dəhliz layihəsi, eləcə də Xəzər dənizi üzərindən çəkilən fiber-optik kabel xətti iki ölkə arasında strateji əməkdaşlığı daha da gücləndirir. Prezident İlham Əliyevin müsahibəsində vurğulandığı kimi, 2025-ci ildə ticarət dövriyyəsinin 547 milyon dollara çatması münasibətlərin dinamik inkişafını sübut edir. Bu əməkdaşlıq modeli həm regionda sülh və sabitliyi möhkəmləndirir, həm də Türk dünyasının inteqrasiyasına töhfə verir.

Elmir Rzayev

YAP Şuşa rayon təşkilatının əməkdaşı


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.