Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Azərbaycan və Qazaxıstanın əməkdaşlığında sadəcə logistika xətti deyil, iqtisadi təhlükəsizlik və geoiqtisadi təsir alətidir. 2024-cü ildə bu xəttlə tranzit daşımalarının 3,5 milyon tonu aşması və əvvəlki illə müqayisədə təxminən 20 faiz artım göstərməsi marşrutun dayanıqlı yüksəliş trayektoriyasını ortaya qoyur.

Bakı və Aktau limanları, Kurık logistik qovşağı və dəmir-yol əlaqələrinin sinxron modernləşdirilməsi Orta Dəhlizin rəqabətə davamlılığını artırır. Azərbaycan–Qazaxıstan–Türkiyə oxu üzərində 2022–2027-ci illəri əhatə edən Yol Xəritəsi infrastrukturun bərabər templə inkişafını, əməliyyatların sadələşdirilməsini və tarif siyasətində koordinasiyanı hədəfləyir.
Yükdaşımada sürətin artması bu sinxron yenilənmənin praktik nəticəsidir: marşrut üzrə 20-dən çox operatorun birləşməsi daşıma müddətini 38 gündən 19 günə endirərək, xərc strukturuna da müsbət təsir göstərib. Bu, Çindən Avropaya uzanan tədarük zəncirlərində Orta Dəhlizin seçim payını genişləndirir.
Zəngəzur dəhlizi reallaşdıqda marşrutun ümumi uzunluğunun 600–700 km qısalacağı, daşıma xərclərinin isə 10–15% azalacağı proqnozlaşdırılır. Bu azalma Avrasiya məkanda rəqabətli qiymətlərin formalaşmasına, tranzit ölkələrin fiskal gəlirlərinin optimallaşmasına və ticarət axınlarının daha sabit struktur qazanmasına səbəb olacaq.
Nəqliyyat qovşaqlarının inkişafı enerji, kənd təsərrüfatı və sənaye yüklərinin daşınmasında yeni nişlər yaradır. Azərbaycan və Qazaxıstanın koordinasiyalı addımları sayəsində Orta Dəhliz artıq regional layihədən çıxaraq qlobal tədarük zəncirlərinin strateji arteriyasına çevrilir.
Anar Əlizadə
YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın