Azərbaycanın xarici siyasətində türk dünyası ilə əməkdaşlıq xüsusi yer tutur. Şərqdən Qərbə uzanan geniş türk coğrafiyasında yerləşən dövlətlərlə münasibətlərin inkişafı ölkəmizin milli maraqları ilə tam uzlaşır. Tarix boyu ortaq mədəniyyət, dil və mənəvi dəyərlərlə birləşən bu xalqlar arasında iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlıq ənənələri bu gün də uğurla davam edir. Müstəqillik dövründə Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli diplomatiya nəticəsində Azərbaycan Türk Dövlətləri Təşkilatı və digər regional qurumlar çərçivəsində fəal mövqeyə malikdir. Bu istiqamətdə atılan addımlar türk dünyasının birliyini möhkəmləndirməklə yanaşı, regionun geosiyasi və iqtisadi gücünü də artırır.
Türk dünyasında mühüm strateji tərəfdaşlardan biri Qazaxıstandır. Azərbaycan–Qazaxıstan əlaqələri son illərdə sürətlə inkişaf edərək, yeni mərhələyə qədəm qoyub. Bu münasibətlər həm ikitərəfli, həm də beynəlxalq platformalarda qarşılıqlı dəstək əsasında qurulub. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi kimi qurumlarda iki ölkə bir-birinin mövqelərini dəstəkləyir. Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında “Kazinform” agentliyinə verdiyi müsahibədə vurğuladığı kimi, Azərbaycan ilə Qazaxıstan arasındakı siyasi əlaqələr qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanır. Bu münasibətlərin təməlində tarixi qardaşlıq, oxşar mədəni ənənələr və ortaq türk kimliyi dayanır.
Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq əlaqələri də dinamik şəkildə genişlənməkdədir. İki ölkə arasında təxminən 170 hüquqi sənəd imzalanıb və bu, qarşılıqlı fəaliyyətin sabit mexanizmini formalaşdırıb. Azərbaycanın Qazaxıstana 225 milyon dollarlıq, Qazaxıstanın isə Azərbaycana 136 milyon dollarlıq sərmayə qoyması tərəflərin uzunmüddətli inkişafa yönəlmiş strategiyasını əks etdirir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 470 milyon dollar olmuş, 2025-ci ilin ilk səkkiz ayında isə bu rəqəm üç dəfə artaraq 547 milyon dollara çatmışdır. Bu artım nəqliyyat-logistika sahəsində birgə layihələrin, xüsusilə də Orta Dəhlizin səmərəli istifadəsinin nəticəsidir. Qazaxıstan kapitalı ilə Azərbaycanda 250-yə yaxın kommersiya qurumunun fəaliyyət göstərməsi iqtisadi əməkdaşlığın real göstəricisidir.
Azərbaycan–Qazaxıstan münasibətləri sadəcə iqtisadi maraqlarla məhdudlaşmır, həm də siyasi sabitlik və regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. İki ölkə arasında qurulan səmimi dialoq və qarşılıqlı dəstək regionda inteqrasiya proseslərini daha da sürətləndirir. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərdən sonra türk dünyasının həmrəyliyi daha da güclənmiş, Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında strateji körpü rolunu möhkəmləndirmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan–Qazaxıstan münasibətləri gələcəkdə daha geniş perspektivlər açacaq, türk dünyasının birliyinə və ortaq məqsədlərə xidmət edən davamlı tərəfdaşlıq modeli kimi formalaşacaq.
Nizami Şahvələdov
YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın