Azərbaycanla Qazaxıstan arasındakı münasibətlər əsrlərlə formalaşmış tarixi bağlara və ortaq mədəni irsə söykənir. Hər iki ölkənin xalqları eyni kökdən gələn türkdilli xalqlardır və bu, onların qarşılıqlı anlaşmasını və əməkdaşlıq ruhunu gücləndirir. Müasir dövrdə bu tarixi yaxınlıq dövlətlər arasında siyasi və iqtisadi əlaqələrin sürətlə inkişaf etməsinə səbəb olub. Müstəqillik illəri ərzində Bakı və Astana strateji tərəfdaşlıq modeli formalaşdıraraq regionda sabitlik və inteqrasiyanın mühüm dayaqlarına çevriliblər.
Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri münasibətlərin daha da möhkəmlənməsində növbəti mərhələni ifadə edir. Səfər zamanı keçirilən danışıqlarda ikitərəfli əlaqələrin yeni istiqamətləri, xüsusilə energetika, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasının keçirilməsi isə münasibətlərin institusional müstəvidə möhkəmləndiyini göstərir. Bu iclas həm də ölkələrin uzunmüddətli strateji hədəflərinin uyğunlaşdırılması baxımından mühüm hadisə kimi tarixə düşdü.
Dövlət başçılarının bəyanatlarında regional təhlükəsizlik və sülh məsələləri də xüsusi yer tutub. Prezident İlham Əliyev Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində atılan addımlardan danışarkən Azərbaycanın Ermənistanla münasibətlərdə real irəliləyişə nail olduğunu vurğulayıb. O, Qazaxıstan taxılının Ermənistan ərazisinə daşınmasını bu sülh prosesinin praktiki göstəricisi kimi dəyərləndirib. Bu yanaşma Azərbaycanın bölgədə sülh, əməkdaşlıq və qarşılıqlı etimadın bərpasına verdiyi töhfəni nümayiş etdirir.
Bu gün Azərbaycan və Qazaxıstan arasında təqribən 170 hüquqi sənəd imzalanıb ki, bu da ikitərəfli münasibətlərin hüquqi bazasının nə qədər möhkəm olduğunu sübut edir. İki ölkə arasında bağlanmış strateji tərəfdaşlıq və müttəfiqlik haqqında müqavilə isə əlaqələrin əsas dayağı kimi çıxış edir. Bu sənədin 20 illiyi münasibətilə vurğulanan fakt ondan ibarətdir ki, münasibətlər artıq siyasi və iqtisadi çərçivəni aşaraq təhsil, mədəniyyət və humanitar sahələrdə də dinamik inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin səfəri bu inkişaf xəttini daha da möhkəmləndirərək Azərbaycan-Qazaxıstan əlaqələrinə yeni nəfəs gətirdi.
Rafiq Kalbalıyev
YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri müavini


Bir şərh yazın