Azərbaycan ilə Qazaxıstan arasında formalaşan müasir tərəfdaşlıq modeli qarşılıqlı hörmət, etimad və ortaq tarixi dəyərlər üzərində qurulub. İki xalqı birləşdirən mədəni və mənəvi bağlar bu gün siyasi və iqtisadi əməkdaşlıqda öz real təzahürünü tapır. Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” agentliyinə verdiyi müsahibə bu münasibətlərin dərinliyini və gələcəyə yönəlmiş strateji xəttini bir daha nümayiş etdirdi. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan və Qazaxıstan arasındakı əlaqələr sadəcə diplomatik münasibətlər deyil, qardaş xalqların ortaq tarixindən və türk kimliyindən doğan təbii bir yaxınlıqdır.

Son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyi, imzalanan sənədlərin çoxluğu və qarşılıqlı dəstəyin artması bu tərəfdaşlığın dərinləşdiyini göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana yeddinci, Kasım-Jomart Tokayevin isə Azərbaycana altıncı səfəri münasibətlərin qarşılıqlı etimada söykəndiyinin sübutudur. Bu səfərlər çərçivəsində həyata keçirilən razılaşmalar həm siyasi dialoqun, həm də iqtisadi əməkdaşlığın yeni mərhələyə keçidini təmin edib.
İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilənin 20 illiyi bu münasibətlərin tarixi sabitliyini göstərir. Bu dövrdə 170-dən çox hüquqi sənədin imzalanması, ticarət dövriyyəsinin yüz milyonlarla dollara yüksəlməsi və enerji, nəqliyyat, logistika sahələrində əməkdaşlığın güclənməsi qarşılıqlı faydanın aydın göstəricisidir. Prezident İlham Əliyev Orta Dəhliz layihəsini Avrasiya regionunun əsas strateji nəqliyyat marşrutu kimi qiymətləndirərək bu sahədə Qazaxıstanla əməkdaşlığın prioritet olduğunu xüsusi vurğulayıb.
Bütün bunlar göstərir ki, Azərbaycan–Qazaxıstan münasibətləri təkcə iki dövlət arasında deyil, həm də bütövlükdə Türk dünyasının inteqrasiyasında mühüm strateji dayağa çevrilib. Mədəni, iqtisadi və siyasi müstəvilərdə həyata keçirilən birgə təşəbbüslər regionda sabitliyin, inkişafın və birliyin möhkəmlənməsinə xidmət edir. Bu münasibətlər türk xalqlarının gələcəyinə yönəlmiş dayanıqlı əməkdaşlıq modelinin parlaq nümunəsidir.
Zərifə İbrahimova
YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini

Bir şərh yazın