Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər əsrlərlə formalaşmış dostluq, qardaşlıq və ortaq mədəni köklər üzərində qurulub. Müstəqillik dövründə bu əlaqələr daha sistemli şəkildə inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Qazaxıstanın “Kazinform” informasiya agentliyinə verdiyi müsahibə bir daha göstərdi ki, iki ölkə arasında münasibətlərin əsasında təkcə diplomatik maraqlar deyil, həm də ortaq türk kimliyi, mənəvi yaxınlıq və qarşılıqlı etimad dayanır. Bu amillər Azərbaycan–Qazaxıstan əlaqələrini regionda sabitlik və əməkdaşlıq nümunəsinə çevirir.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan–Qazaxıstan əlaqələrinin qarşılıqlı inam və bərabərlik prinsipləri üzərində formalaşdığını qeyd edib. O, son üç ildə Qazaxıstana yeddi səfərinin baş tutduğunu vurğulayaraq, bu intensiv təmasların dövlət başçıları arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu sübut etdiyini bildirib. Bu səfərlər təkcə ikitərəfli münasibətlərin dərinləşməsinə deyil, həm də regional məsələlərdə vahid mövqenin formalaşmasına xidmət edir. Belə əlaqələr iki ölkənin regional və beynəlxalq arenalarda mövqelərinin möhkəmlənməsinə, həmçinin siyasi koordinasiyanın genişlənməsinə şərait yaradır.
Azərbaycan və Qazaxıstan Türk Dövlətləri Təşkilatının ən fəal üzvləri kimi türk dünyasında birliyin gücləndirilməsində mühüm rol oynayırlar. Prezident İlham Əliyev bu təşkilatın fəaliyyətinin təkcə mədəni və mənəvi sahələrdə deyil, həm də siyasi və iqtisadi istiqamətlərdə inteqrasiyanı dərinləşdirdiyini xüsusi vurğulayıb. Ortaq layihələr, qəbul olunan qərarlar və koordinasiyalı fəaliyyət türk dövlətləri arasında həmrəyliyi möhkəmləndirir. Qazaxıstanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəyişməz dəstək bu dostluğun səmimiliyinin bariz nümunəsidir. Bu prinsipial mövqe beynəlxalq hüquqa, regional sabitliyə və xalqlar arasında etimada əsaslanır.
Azərbaycan–Qazaxıstan münasibətləri yalnız diplomatik əlaqələr çərçivəsində deyil, həm də strateji əməkdaşlıq müstəvisində inkişaf edir. Parlamentlərarası əlaqələrin genişlənməsi, birgə hökumətlərarası komissiyaların fəaliyyəti və diplomatik nümayəndəliklərin səmərəli işi bu münasibətlərin institusional əsasını möhkəmləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu tərəfdaşlığın dayanıqlılığı güclü siyasi iradə, qarşılıqlı maraqlar və ortaq gələcəyə inam üzərində qurulub. Azərbaycan və Qazaxıstan regionda sülhün, təhlükəsizliyin və davamlı inkişafın təminatçıları kimi çıxış edir, həm ikitərəfli, həm də beynəlxalq səviyyədə təşəbbüskar mövqeləri ilə seçilirlər.
Nazilə İbrahimova
YAP Şuşa rayon təşkilatının 3 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın