Azərbaycanla Qazaxıstan arasında münasibətlər qədim tarixi köklərə və ortaq mədəni dəyərlərə əsaslanır. Hər iki xalq türkdilli xalqlar ailəsinin üzvü olmaqla yanaşı, ortaq mənəvi irs, dini yaxınlıq və oxşar dünyagörüşə malikdir. Bu bənzərliklər dövlətlər arasında əməkdaşlığın möhkəmlənməsi üçün etibarlı zəmin formalaşdırır. Tarixən İpək Yolu üzərində yerləşən bu ölkələr bu gün də yeni iqtisadi və nəqliyyat layihələri vasitəsilə regionun mühüm bağlantı mərkəzinə çevrilirlər.
Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki qardaş ölkə arasındakı münasibətlərin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən görüşlərdə enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm qərarlar qəbul olunub. Dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib ki, bu da ikitərəfli münasibətlərin institusional əsasda davam etdiyini göstərir. Liderlərin birgə bəyanatları regional sabitlik və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyi təsdiqləyib.
Bu səfər zamanı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkib. O, qeyd edib ki, Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti yalnız iqtisadi deyil, həm də ciddi geosiyasi əhəmiyyət daşıyır. Yeni nəqliyyat marşrutlarının açılması, Avrasiya regionunda inteqrasiyanın artması və Qafqazla Mərkəzi Asiyanın birləşməsi hər iki ölkənin strateji rolunu daha da gücləndirir. Azərbaycanın Ermənistanla sülh prosesinə töhfə kimi Qazaxıstan taxılının Ermənistan ərazisinə tranzitini təmin etməsi isə ölkəmizin regionda sülh və əməkdaşlıq üçün atdığı real addımların göstəricisidir.
Bu gün Azərbaycan və Qazaxıstan arasında 170-dən çox sənəddən ibarət hüquqi baza formalaşıb. Bu, münasibətlərin sistemli şəkildə tənzimlənməsinə və davamlı inkişafına imkan verir. Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında müqavilə iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı daha da gücləndirib. Sevinc Fətəliyevanın da qeyd etdiyi kimi, bu əlaqələr təkcə rəsmi münasibətlər deyil, həm də xalqların qardaşlıq bağları üzərində qurulub. Prezident İlham Əliyevin son səfəri bu istiqamətdə yeni bir mərhələ açaraq münasibətləri daha da strateji səviyyəyə qaldırdı.
Anar Cəbizadə
YAP Şuşa rayon təşəkilatının 37saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın