20 oktyabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının 41 saylı ərazi partiya təşkilatında Zəngilan şəhər gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda qazanılmış Qələbənin əhəmiyyətini bir daha xatırlatmaq və Zəngilanın azad olunmasının beşinci ildönümünü qeyd etmək məqsədi daşıyıb.
Tədbiri giriş sözü ilə açan 41 saylı ərazi partiya təşkilatının sədri Səbinə Gözəlova iştirakçıları salamlayaraq bildirib ki, 2020-ci ilin 20 oktyabr tarixində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Zəngilan şəhərini işğaldan azad edib. Bu hadisə ölkəmizin hərb tarixinə qızıl hərflərlə yazılıb və xalqımızın azadlıq iradəsinin, dövlətimizin gücünün bariz təzahürüdür.
Səbinə Gözəlova qeyd edib ki, bu gün Zəngilan sürətlə bərpa olunur, bölgədə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında müasir infrastrukturlar yaradılır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı quruculuq işləri ölkəmizin inkişafının yeni mərhələsini göstərir.
Dəyirmi masa iştirakçıları Zəngilanın azad olunmasının yalnız hərbi qələbə deyil, həm də milli həmrəyliyin, dövlət-xalq birliyinin təntənəsi olduğunu vurğulayıblar. Çıxışlarda şəhidlərimizin əziz xatirəsi hörmətlə anılıb, onların qəhrəmanlığının gənc nəslə örnək olduğu bildirilib.
Sonda qeyd olunub ki, YAP üzvləri olaraq hər birimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafına və işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən bərpa-quruculuq prosesinə töhfə verməyi özümüzə borc bilirik.


Bir şərh yazın