2020-ci ilin 20 oktyabrı Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldı. Həmin gün Prezident İlham Əliyev Zəngilanın azad olunduğunu elan edərkən, milyonlarla insanın gözündə sevinç, qəlbində isə fəxarət hissi vardı. 27 illik həsrətin sona çatması, bir xalqın haqq savaşının qalibiyyətlə nəticələnməsi idi bu. O an hər bir azərbaycanlı bildi ki, ədalət bərpa olundu və torpaq sahibinə qayıtdı.
Zəngilanın azadlığı Vətən müharibəsində mühüm strateji əhəmiyyətə malik idi. Bu ərazilərin işğaldan azad edilməsi, cənub sərhədlərimizin bərpası ilə yanaşı, Qarabağdakı əməliyyatlara da böyük təsir göstərdi. Zəngilan istiqamətində qazanılan uğurlar düşmənin müdafiə sistemini tamamilə çökdürdü, Ermənistan ordusunu geri çəkilməyə məcbur etdi. Hər bir əsgərimiz burada qələbə tariximizin yeni səhifəsini yazdı.
Azadlıqdan sonra Zəngilan bərpa prosesinin mərkəzlərindən birinə çevrildi. Burada həyata keçirilən “Ağıllı kənd” layihələri, yaşıl enerji konsepsiyası, müasir yollar və sosial obyektlər bu diyarın yenidən dirçəlməsinə xidmət edir. Dağıdılmış evlər yerində müasir yaşayış massivləri ucalır, təbiətə uyğun planlaşdırılmış infrastruktur Zəngilanı ekoloji baxımdan nümunəvi bölgə kimi tanıdır.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Zəngilan artıq regional inkişafın nümunəsinə çevrilib. Burada açılan Zəngilan Beynəlxalq Hava Limanı yalnız nəqliyyat baxımından deyil, həm də iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edir. Bu hava limanı Azərbaycanın beynəlxalq logistika mərkəzinə çevrilməsi prosesində əsas rol oynayır.
Zəngilanın azad olunması bir xalqın dirçəliş tarixidir. Bu torpaq artıq azadlığın, iradənin və milli qürurun rəmzidir. Hər il 20 oktyabrda dalğalanan üçrəngli bayraq bizə bu qələbənin əbədiliyini xatırladır.
Elçin Dadaşov
YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi parriya təşkiatının sədri


Bir şərh yazın