Zəngilanın işğaldan azad olunması təkcə hərbi əməliyyatın nəticəsi deyildi, bu, bir xalqın tarixə yazdığı qürur dastanı idi. 2020-ci il oktyabrın 20-si Azərbaycan xalqının yaddaşına azadlıq, güc və ədalətin təntənəsi kimi həkk olundu. Düşmənin illərlə möhkəmləndirdiyi sədləri yararaq Zəngilanın azad edilməsi Azərbaycanın hərbi iradəsini və strateji bacarığını bütün dünyaya göstərdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun cəmi 24 gün ərzində bu torpaqlara daxil olması, Zəngilanın azadlığı ilə Ermənistanla sərhədə çıxması müharibənin taleyini dəyişdi.

Bu qələbə həm də mənəvi dirçəlişin başlanğıcı idi. Zəngilan illərlə susmuşdu, dağıdılmışdı, lakin xalqın qəlbində onun adı yaşayırdı. Hər bir azərbaycanlı üçün bu şəhər ata ocağının, keçmişin və gələcəyin rəmzi idi. İşğaldan azad edilən gün Zəngilanın adı yenidən ümidlə, sevinc göz yaşları ilə çəkildi. Qəhrəman əsgərlərimiz öz qanı, canı bahasına o torpaqlara üçrəngli bayrağımızı sancdılar və bu, bir millətin əzmini, birliyini bir daha təsdiqlədi.

Bu gün Zəngilan yeni bir həyat yaşayır. Qısa müddətdə burada möhtəşəm infrastruktur layihələri həyata keçirilib. Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, “Cahangirbəyli” Su Elektrik Stansiyasının istismara başlanması, “ağıllı kənd” layihəsinin reallaşması bölgənin potensialını artırıb. Artıq məktəblər açılır, bağçalar tikilir, həyat yenidən öz axarına qayıdır. Bu, Azərbaycanın azad edilmiş torpaqlarda quruculuq modelinin parlaq nümunəsidir.

Zəngilan həm də Azərbaycanın “yaşıl enerji” fəlsəfəsinin mərkəzinə çevrilib. Burada enerji Günəşdən, güc xalqın iradəsindən alınır. Ekoloji təmiz və ağıllı infrastruktur layihələri Azərbaycanın gələcək inkişaf vizyonunu əks etdirir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Zəngilan “sabaha açılan pəncərə”dir. Burada atılan hər addım müasir idarəetmə və dayanıqlı inkişafın göstəricisidir.

Bu torpaqlarda dalğalanan bayraq artıq əbədi qalacaq. Zəngilanın azadlığı və bərpası Azərbaycan xalqının birliyinin, dövlətin gücünün və liderin uzaqgörən siyasətinin təcəssümüdür. Bu gün Zəngilan təkcə azad olunmuş bir rayon deyil – bu, xalqın iradəsinin, vətən sevgisinin və dirçəlişin canlı simvoludur.

Elmir Rzayev

YAP Şuşa rayon təşkilatının əməkdaşı


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.