Azərbaycan xalqı üçün Zəngilanın azad olunması sadəcə hərbi əməliyyatın nəticəsi deyildi, bu, bir xalqın ləyaqətinin, iradəsinin və birliyinin bərpası idi. 20 oktyabr 2020-ci il tarixi, 27 illik həsrətə son qoyan möhtəşəm zəfər günü kimi xalqımızın yaddaşına həkk olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Zəngilanı işğaldan azad edərək, dövlətçiliyimizin əzəmətini bir daha dünyaya nümayiş etdirdi.
Zəngilanın azadlığı ilə Qarabağ uğrunda mübarizədə yeni mərhələ başlandı. Bu torpaq strateji baxımdan mühüm əhəmiyyətə malik idi. Onun azad olunması həm Laçın, həm Qubadlı, həm də Cəbrayıl istiqamətlərində əməliyyatların gedişinə güclü təsir göstərdi. Zəngilanın azad olunması ilə Azərbaycan əsgəri düşmənin uzun illər ərzində qurduğu müdafiə səddini yararaq, düşməni geri çəkilməyə məcbur etdi. Bu, ordumuzun gücünü və döyüş hazırlığını bir daha sübut etdi.
Bu gün Zəngilan Azərbaycanın yenidənqurma və bərpa prosesində ön sırada dayanır. Burada müasir standartlara cavab verən Ağıllı kənd layihəsi həyata keçirilib. İnternet, İT texnologiyaları, enerji effektivliyi və ekoloji balans prinsiplərinə əsaslanan bu layihə, Azərbaycanın müasir inkişaf modelinin simvoluna çevrilib. Zəngilan artıq yalnız tarix və qəhrəmanlıq məkanı deyil, həm də gələcəyin texnoloji şəhəridir.
Prezident İlham Əliyevin “Biz gələcəyi öz əllərimizlə yaradırıq” fikri bu torpaqlarda real həyata çevrilir. Zəngilan Beynəlxalq Hava Limanı, yeni dəmir və avtomobil yolları, sosial infrastruktur layihələri bu bölgəni iqtisadi və strateji baxımdan önəmli mərkəzə çevirir. Bu, həm Böyük Qayıdışın başlanğıcı, həm də regionun uzunmüddətli inkişaf planının tərkib hissəsidir.
Bu gün Zəngilanın səması azad, torpağı bərəkətli, insanı xoşbəxtdir. Burada yenidən qurulan hər ev, əkilən hər ağac, çəkilən hər yol xalqımızın gələcəyə olan inamını gücləndirir. Zəngilanın azad olunması, əslində, Azərbaycanın milli dirçəlişinin, milli qürurunun rəmzinə çevrilib.
Xəyalə Novruzova
YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini


Bir şərh yazın